Oftalmoloq Fariz Sadıqovun miopiya xəstəliyi haqda məqaləsini təqdim
edirik.
Agyol.az xəbər verir ki,Yaxından görmə
- miopiya elə bir göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə
fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür.
Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur: miopiyalı insan
yaxından daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb - yaxından
görmə. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir - göz, öz
normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.
Miopiyalı insanların sayı getdikcə artır. Hazırda orta məktəblərdə
uşaqların 20% bu xəstəliyə düçardır, tələblər arasında isə ikiqat artıq, 40%
təşkil edir.
Səbəblər
Yaxından görmənin səbəbləri müxtəlif ola bilər. İndiki zaman bir neçə əsas amil
ayırırlar:
1)
İrsi səbəblər: valideynlər və onların uşaqlarındakı miopiya arasında da əlaqə
müəyyən edilib. Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa
çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əgər əksinə, hər iki
valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola
bilər.
2)
Yaxın məsafəli intensiv görmə yükləmələri: miopiyanın inkişafı ən çox məktəb və
tələbə illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.
3)
Yanlış korreksiya: eynək və ya kontakt linza seçərək korreksiya qaydalarına
riayət etmək və yalançı miopiyanı istisna etmək lazımdır. Miopiyanın artmasının
qarşısını almaq üçün eynək (və ya linza) istifadəsi qaydalarına riayət etmək,
həmçinin müntəzəm olaraq görməni yoxlatmaq lazımdır.
4)
Damar amilləri: bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif
xəstəliklər fonunda əmələ gəlir.
5)
Keyfiyyətsiz qidalanma: rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz
qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir.
Yaxından görmənin simptomları
Yaxından
görmənin əsas simptomu - uzaq görmənin zəifləməsidir: uzaqdakı əşyalar yayılmış
görünürlər, dəqiq olmurlar. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün
insan gözünü qıymağa başlayır (bundan da xəstəliyin yunan dilində adı əmələ
gəlib "miopia" - "gözlərini qıyan"). Belə insanlar yaxın
məsafədə yaxşı görürlər. Bundan başqa, yaxından görmənin simptomlarına yüksək
görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını aid etmək
olar.
Yaxından görmənin diaqnostikası
Miopiyanın diaqnostikasını həkim-oftalmoloq edir.
Bunun üçün ətraflı müayinə aparılır, korreksiyayla və korreksiyasız
(vizometriya) görmə itiliyi müəyyən edilir və digər xüsusi müayinələr keçirilir
(biomikroskopiya, oftalmoskopiya, göz dibinin baxışı və s.).
Əgər özünüzdə yaxından görmə simptomlarını aşkar
etsəniz, məhz həkim-oftalmoloqa müraciət edin, optikaya deyil, çünki
optikalarda məsləhət verən insanlar əksər hallarda ali təhsilli həkim
(oftalmoloq, okulist) olmur və səbəbi aşkar edə bilmədiyi üçün sizə görmənizi
bəlkə də qaytaracaq müalicə təyin edə bilmir. Optometristin (eynək seçimi
kursları keçmiş orta tibb təhsilli insan) işlədiyi optikaya müraciət edərək,
hansının ki, işi eynək seçməkdən ibarətdir, öz gözlərinizə zərər verə
bilərsiniz.
Miopiyanın dərəcələri (növləri)
Pozulmaları korreksiya etmək üçün lazım olan
linzaların gücündən asılı olaraq, xəstəliyin növbəti dərəcələri olur:
Zəif dərəcəli miopiya (3 dioptriyaya qədər)
Orta dərəcəli miopiya (3-6 dioptriya)
Ağır dərəcəli miopiya (6 və daha çox dioptriya)
Bundan başqa, proqressivləşən miopiya var - göz
zəifləməsi sürətlə baş verərək hər il bir dioptriyadan çox miqdarda zəifləyir.
Bu hal ciddi pozulmalara səbəb ola bilər və bəzən cərrahi müdaxilə tələb edir.
Ağırlaşmalar
Yaxından görmənin ağırlaşmalarına bir sıra
halları aid etmək olar, hansı ki, göz almasının uzanması nəticəsində baş verir.
Bu halda göz toxumalarının qidalanması pozulur, tor qişada distrofik
dəyişikliklər, onun dağılması və laylanması baş verə bilər. Tor qişanın
laylanması korluğa səbəb ola bilər.
Miopiyanın müalicəsi
Miopiyanın müalicəsini iki böyük hissəyə bölmək
olar: korreksiya və birbaşa müalicə.
Miopiyanın korreksiyasını eynəklərlə (yumşaq,
bərk və gecə), kontakt linzalarıyla və lazer üsullarla (Lasik) həyata
keçirilər. Buraya həmçinin intraokulyar linzalarla (linzanı göz daxilinə
yerləşdirilər) və keratotomiya ilə korreksiyanı aid etmək olar.
Hər üsulun öz müsbət və mənfi cəhətləri, göstəriş
və əks göstərişləri, fəsadları var. Lakin hamısının prinsipi eynidir - gözün
optik sistemi elə dəyişilməlidir ki, əşyanın təsviri tor qişaya düşsün.
Miopiyanın müalicəsi medikamentoz terapiyanı da
daxil edir: həb və damcı şəklində vitaminlər, qan dövranını yaxşılaşdıran
vasitələr, fizioterapevtik üsullar, göz gimnastikası.
Akkomodasiya spazmını aradan qaldırmaq üçün göz
bəbəyini genişləndirən damcılardan istifadə edirlər.
Miopiyanın profilaktikası
Miopiyanın profilaktikası kompleksi olmalıdır.
Oftalmoloqlar növbəti tədbirlər görməyi məsləhət görür:
1. Görmənin düzgün korreksiyası
2. Vitaminoterapiya (göz üçün lüteinli
vitaminlər)
3. Görmə rejiminə riayət edilməsi
4. Göz əzələlərinin məşqi
5. Yanaşı xəstəliklərin aradan qaldırılması
6. Ümumi möhkəmləndirən prosedurlar
7. Pəhriz (karotinoidlə zəngin tərəvəzli
(məsələn, kök) pəhriz)
8. Göz toxumalarında qan dövranının
stimulyasiyası (dərman və fizioterapiyayla)
9. Skleranı möhkəmləndirən əməliyyatlar
(skleroplastika)