XƏBƏR
11:07

  Bu gün Mustafa Kamal Atatürkün Anım Günüdür

Gündəm

Xəbər lenti

Mustafa Kamal Atatürk (digər adı Kamâl Atatürk) (d. 1881, Saloniki – 10 noyabr 1938, İstanbul Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirmişdir. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq etmişdir. 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi" adını almış və ona ali marşal rütbəsi verilmişdir. Ömrünün sonuna qədər (1938) 4 dəfə Türkiyə prezidenti olmuşdur. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmamışdır.
Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etdirmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlamışdır.

1911-1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışmışdır.

1919-1923[redaktə | əsas redaktə]
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilmiş, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.

Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:

Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideologiyası əsasları üzərində qurulmuşdur.

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.

15-20 oktyabr 1927-ci ildə Qurtuluş Savaşından və respublika qurulmasından bəhs edən Böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilmişdir.
Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur" sözlərini Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən demişdir.[2] Bu sözlər Atatürkün Azərbaycan haqqında işlətdiyi ən məşhur fikirlərdən biridir.

 




  Yayım tarixi :10 Noyabr 2018   11:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .