XƏBƏR
16:18

  AzTV: Tarix və müasirliyin harmoniyası

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Hər bir dövlətin transmilli informasiya resursları ilk növbədə həmin dövlətin dünya arenasında uğurlu təbliği, lokal və beynəlxalq miqyasda yaşanan ictimai-siyasi proseslərə obyektiv və operativ reaksiya, vətəndaş cəmiyyətinin müntəzəm qaydada zəruri məlumatlarla təmin olunması məqsədlərinə xidmət etməlidir. Müasir dövrdə qlobal infosferada izlədiyimiz proseslər onu deməyə əsas verir ki, dünyanın BBC, CNN, Euronews, New York Times, Washington Post və digər nüfuzlu media orqanları istənilən hadisəyə obyektiv, media parametrləri kontekstindən deyil, daha çox korporativ maraqlar müstəvisindən baxır, təmsil etdiyi dövlətin və ya beynəlxalq təşkilatın prinsiplərini üstün tutur, bir çox strateji məsələlərdə isə lazım gəldiyi an təhdid, yaxud təsir mexanizmi kimimedia resurslarından istifadə olunur. Başqa sözlə, daxili informasiya resursları zəif olan və ya cəmiyyətin informasiya təminatını tam ödəməyən ölkələr əcnəbi media qurumlarının aramsız hücumlarına, yaxud informasiya terroruna, kiberhücumlara məruz qalır ki, nəticədə vətəndaş cəmiyyəti ilə dövlət idarəçilik institutları arasında, daxili sabitlik və təhlükəsizliyin təmini məsələsinə yanaşmada ciddi problemlər yaşanır, infosistemin kənar təsirlərlə idarə olunması ölkəni xaos, anarxiya, qarşıdurmaya sürükləyir. Uzağa getmək lazım deyil. Yaxın Şərq ssenarisinin ilk növbədə məhz media və ya internet mediası üzərindən cəmiyyətə ötürüldüyü, əhalinin informasiya ilə manipulyasiya edildiyi, başqa sözlə, manqurtlaşdırıldığı və bütün bunların məntiqi nəticəsi olaraq dağıntılar, söndürülməsi hələ də mümkün olmayan müharibə ocaqları və beynəlxalq humanitar fəlakət çağdaş dünyamızın acı reallıqlarıdır. Bu baxımdan, virtual məkanda təmsil etdiyini gücünü, qüdrətini nümayiş etdirmək, habelə, milli maraqları ən yüklsək tribunalarda müdafiə etməyi bacarmaq üçüngüclü informasiya resursları olmalı, ölkənin informasiya təhlükəsizliyinin qorunması məqsədilə ilk növbədə daxildə düşünülmüş və kompleks ideoloji iş aparılmalı, cəmiyyətin informasiyaya olan tələbatı tam şəkildə ödənilməlidir. Yalnız real, obyektiv və operativ informasiya ilə təmin olunmuş cəmiyyətin kənar təsirlərdən qorunma instinkti yüksək olur, vətəndaşlar baş vermiş istənilən hadisəni düzgün və obyektiv təhlil etməyi bacarır. Bu baxımdan Azərbaycan da yerləşdiyi coğrafi mövqenin onun qarşısında informasiya təhlükəsizliyi sahəsində ciddi tələblər qoyduğunu dərk edir, istər regionda yaşanan geosiyasi proseslər, istərsə də ölkəmizə qarşı yürüdülən aktiv, yaxud passiv infotəhdidlərdən çıxış edərək öz informasiya məkanını qorumaq istiqamətində sistemli və kompleks addımlar atır. Bu gün ölkə daxilində onlarla TV, radio, internet resurslarının fəaliyyət göstərməsi, 80%-dən çox vətəndaşın geniş zolaqlı internet şəbəkəsindən istifadə etməsi, ən əsası isə Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, dünyanın istənilən nöqtəsini dəqiq və operativ izləmək imkanı verən 3 peykimizin orbitdə mövcud olması görülən işlərin real nəticəsidir. Bütün bunlar daxili informasiya resurslarımızın, xüsusən televiziya kanallarımızın dünya arenasına çıxmasına, deməli, həm də Azərbaycanın uğurlu təqdimatı, təbliğatçılıq işinin daha effektiv şəkildə aparılmasına geniş imkanlar yaradır. Qalır bu imkandan maksimum yararlanmaqla milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi beynəlxalq arenada məhsuldar və keyfiyyətli şəkildə təqdim etmək, yalnız daxildə deyil, qlobal informasiya məkanında azərbaycançılıq ideologiyasını geniş yaymaqla soydaşlarımız arasında həmrəyliyi daha da gücləndirmək. Prezident İlham Əliyevin əsas məqsədi də məhz budur: Vətənə, milli dəyərlərə, azərbaycançılıq ideologiyasına sıx bağlı olan, ürəyi Vətənlə döyünən, sağlam düşüncəli gənc nəsil yetişdirmək, vətəndaş cəmiyyətini yad təsirlərdən və təhdidlərdən qorumaq, media resurslarının peşəkarlığını artırmaq. Bu gün Azərbaycanda, regionda və dünyada media sahəsində mövcud trendləri təhlil edərkən, tam əminliklə söyləmək olar ki, sözügedən istiqamətdə ölkə mediasının ruporu, aparıcı qüvvəsi məhz Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətidir.

Nəyə görə AzTV?

İlk növbədə ona görə ki, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tarixən olduğu kimi bu gün də yalnız bir missiyası, bir ideoloji xətti var: dövlətçilik ənənələrini, milli ideologiyanı və milli mənlik şüurunu, milli məfkurəni hər şeydən üstün tutmaq, bu yolda istənilən xarici təhdid və təsir mexanizmlərini nəyin bahasına olursa-olsun aradan qaldırmaq, yalnız dövlətə, xalqa xidmət etmək. Bu televiziya üçün həmin prinsipdən başqa bir ideoloji xətt yoxdur.

İkincisi, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC müasir teleməkanda ən geniş yayım coğrafiyasına, müxbir məntəqəsinə və yaradıcı, texniki heyətə malik televiziyadır. Bu gün uzaq ABŞ və Çindən tutmuş, Avropada, həmçinin Rusiya, Türkiyə, İran, Gürcüstan kimi region ölkələrində, eləcə də Yaxın Şərq və Orta Asiya dövlətlərində Azərbaycan Televiziyasının müxbir məntəqələri fəaliyyət göstərir.

Üçüncüsü, bu gün Azərbaycan Televiziyası qədər gündəlik efir proqramında xəbərlər buraxılışlarına, ictimai-siyasi verilişlərə, ümumiyyətlə, aktual mövzuların sosial-siyasi təhlilinə geniş yer ayıran ikinci kanal tapmaq, sadəcə mümkün deyil.

Ümumiyyətlə, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC üçün ən böyük dəyər reytinq siyahısında birinci olmaq deyil. Məqsəd tamaşaçının illərdir formalaşmış etimadını, inamını qorumaq və əlbəttə ki, onun zövqünü, dünyagörüşünü təmiz nitq, efir estetikasının ən xırda tələblərini nəzərə almaqla düzgün şəkildə formalaşdımaqdır. Etiraf edək ki, bu gün hər kəs istənilən informasiyanın ən doğrusunu, yaxud müəyyən xəbərlə bağlı rəsmi mövqeyi məhz Azərbaycan Televiziyası və Radiosundan gözləyir. Cəmiyyətdə yayılan, hətta digər kanalların dəfələrlə bəyan etdiyi hər hansı xəbərin həqiqiliyi yalnız bu informasiya vasitəsində elan olunduqdan sonra təsdiqlənir. Cəmiyyət bu gün Azərbaycan dilinin zənginliyinin, saflığının qorunması sahəsində də liderliyin məhz Azərbaycan Televiziyası və Radiosuna məxsus olduğunu etiraf edir. Yeni dövrün tələblərinə uğurla transfer edən, məzmunca tam milli kanal statusunda formalaşan Azərbaycan televiziyası və radiosunda çalışan dilçi alim, akademik və professor heyətinin sayı, habelə, dilimizin təbliği ilə bağlı yayımlanan fərqli proqramlar bu fikrin həqiliyini birmənalı şəkildə sübuta yetirir.

Kadr potensialı

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC telejurnalistika sahəsində həm də bir akademiyadır. Ölkədə kadr siyasətinə ciddi önəm verildiyi bir zamanda burada çağdaş televiziya və radio jurnalistikasının tələblərinə uyğun peşəkar kadrların yetişdirilməsi istiqamətində sistemli addımlar atılır. Təsadüfi deyil ki, bu gün faktiki, əksər TV və Radio vasitələrində istər texniki, istərsə də yaradıcı sahədə çalışanların böyük əksəriyyəti məhz Azərbaycan Televiziyasının yetirmələridir. Yeri gəlmişkən, hazırda televiziyanın nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasını və digər ali təhsil ocaqlarını bitirən gənc məzunlar ilk və bir çox halda daimi iş yeri kimi məhz AzTV-ni seçirlər. Seçimin səbəblərinə gəlincə, əvvəla, bu media orqanının ictimai nüfuzu, ikincisi, illərdir həyatını televiziya və radioya bağlayan peşəkar kollektivin mövcudluğu, müasir tələblərə cavab verən zəngin texniki imkanlar, üçüncüsü, sağlam mühit və insani münasibətlər bu televiziyanın avanqard rolunun mahiyyətinə tam aydınlıq gətirir. Burada istənilən kadr yalnız öz bacarığına və peşə vərdişlərinə nə dərəcədə dərindən yiyələnməsi, vəzifəsinin öhdəsindən nə dərəcədə məsuliyyətlə gəlməsi müqabilində obyektiv qiymətləndirilir. Lakin bütün bunların da fövqündə dayanan ən mühüm amil insanlıq və xeyirxahlıq hissi, Vətən sevgisi, sağlam düşüncə və qarşılıqlı hörmət meyarlarıdır. Əks halda, Azərbaycan Televiziyası və Radiosu kimi 2 mindən çox üzvü olan nəhəng ailənin tərkib hissəsi olmaq qeyri-mümkün sayılır.

Televiziya tarixin salnaməsini yaradır. Bu mənada, böyük inkişaf yolu keçmiş, bir çox nəsillərə örnək olan və neçə-neçə jurnalist nəsli yetişdirən Azərbaycan Televiziyası müasir dövlət tarixinin, Azərbaycan mədəniyyəti və dilinin, ictimai-iqtisadi inkişafının canlı salnaməsi sayıla bilər. Hazırda teleradio xalqın əsl tribunası missiyasını uğurla yerinə yetirir. Ölkə vətəndaşlarına çağdaş dövrün reallıqlarını obyektiv şəkildə çatdırmağı bacarır, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, ardıcıl həyata keçirilən islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər kanalın gündəlik fəaliyyətində öz əksini tapır, bununla bağlı materiallar və şərhlər, ekspert rəyləri və müsahibələr təqdim olunur, sorğular və əhalinin rəyi öyrənilir. Ancaq, televiziya qarşısına təkcə daxili auditoriyanı məlumatlandırmaq vəzifəsini qoymur, bu gün Azərbaycan Televiziyasının başlıca hədəfi dünya arenasına çıxmaq, Azərbaycan reallıqlarını beynəlxalq tribunlara daşımaq, bir sıra beynəlxalq güclərin əlində alətə çevrilən transmilli korporasiyaların informasiya şəbəkəsini yarmaq, bununla da dünya azərbaycanlılarının müstəqil respublikasmız ətrafında daha sıx və mütəşəkkil qaydada birləşməsinə nail olmaqdan ibarətdir.

Azərbaycan Televiziyasının prioritetləri sırasında dövlət siyasətinin mahiyyətini xalqa çatdırmaq, cəmiyyətin aktual problemlərinin müzakirə etmək, qloballaşma dövründə milli-mənəvi, əxlaqi dəyərləri qorumaq, təbliğ etmək, günün nəbzinə uyğun verilişlər hazırlamaq özünəməxsus yer tutur. Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini təbliğ etmək, dünya sivilizasiyasının tarixinə Azərbaycan xalqının imzasını yazmaq kimi şərəfli missiyanı yerinə yetirən televiziyamız bütün bu prosesi peşəkarlıqla həyata keçirir, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim edir.

Azərbaycan Teleradiosunun həyatında böyük yeniləşmə, müasirləşmə dövrü davam edir. Əslində, televiziya yaradıcı sahə olduğundan burada modernləşmə prosesi dayanmadan, fasiləsiz həyata keçirilməlidir. Televiziyada mərhələli şəkildə aparılan ciddi islahatlar ölkəmizdəki dəyişikliklərlə də sıx şəkildə uzlaşır. Hətta bu yenidənqurmanı ölkə səviyyəsində həyata keçirilən yeniləşmənin, dünya standartlarına uyğun müasirləşmənin, yüksəlişin kiçik bir modeli saymaq olar. Beləliklə, Azərbaycan Teleradiosundakı hərtərəfli dəyişikliklər, uğurlar göz önündədir. Bu uğurlar, yüksək peşəkarlıq mühiti, bacarıqlı rəhbərlik və təşkilatçılıq ölkənin bir nömrəsi, xalqın sevimlisi olan televiziyanın bundan sonra da qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyəcəyindən xəbər verir.

Rövşən Raqifoğlu

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru, Filologiya elmləri doktoru

 




  Yayım tarixi :06 Noyabr 2018   16:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .