XƏBƏR
17:35

  Heydər Əliyev: Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramıdır. Agyol.az xəbər verir ki, AZƏRTAC bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun məqaləsini təqdim edir.


Televiziya və radio insan həyatının ayrılmaz hissəsidir. Elm və texnologiyanın müasir inkişaf səviyyəsi televiziyanın cəmiyyətdəki rolunu daha da artırır. Bu gün dünyada internet və informasiyalı cəmiyyət inkişaf edir, yeni trendlər meydana çıxır, sosial şəbəkələr və onlayn media vaxtilə teleradioların üzərinə götürdüyü öhdəliklərin bir hissəsini mənimsəməyə başlayır. Bu pozitiv rəqabət meydanında hər bir informasiya mənbəyi yalnız kreativ ideyalar, yeni modern televiziya üslubu, cəmiyyətlə təmasın daha universal modellərini təqdim etməklə qalib gələ bilər. Bu baxımdan yeni dövrdə televiziyalar yeni çağırışlara adaptasiya olmaq üçün bir sıra yenilikçi ideyalara əl atırlar. Həyatımızda baş verən istənilən texnoloji dəyişikliklər fonunda belə televiziyanın rolu əvəzolunmazdır. Televiziya bu gün cəmiyyətin sosiallaşması prosesində iştirak payını sürətlə artırmaqdadır. Bu mənada, Azərbaycan televiziyası sosiallaşma kampaniyasının önündə gedən avanqard rolunu müvəffəqiyyətlə yerinə yetirir. Şərq aləmində ilk olan Azərbaycan televiziyası yarandığı gündən milyonlarla tamaşaçı auditoriyası toplayıb. Xalqımızın siyasi və mədəni həyatında olduqca önəmli çəkiyə malik Azərbaycan televiziyası rəngarəng proqramları ilə tamaşaçıların ən müxtəlif sahələrdə maariflənməsini təmin edir.

Müasir dünyamızda baş verən mürəkkəb proseslər, münaqişələr, siyasi konfrontasiyalar, qloballaşmanın yaratdığı yeni stereotiplər cəmiyyətə obyektiv və dolğun informasiyanın çatdırılmasına xeyli əngəllər yaradır. Transmilli korporasiyaların nəzarəti altında olan bəzi nüfuzlu teleradiolar artıq qərəzsizlik funksiyasını kənara qoyaraq müəyyən siyasi dairələrin maraqları çərçivəsində hərəkət edir. Bu reallıq əsas vəzifəsi obyektiv məlumat çatdırmaqdan ibarət olan digər dünya televiziyaları üçün ciddi problemlərə gətirib çıxarır. Eyni zamanda, bu, informasiya təhlükəsizliyinin təmini ilə bağlı cəmiyyətdə müəyyən çətinliklər yaradır. Televiziya məlumatı öz auditoriyasına obyektiv, qərəzsiz, operativ şəkildə çatdırmağa borcludur. Bu, ictimaiyyətin onlardan olan gözləntisidir. Əgər televiziya kanalları adını çəkdiyimiz meyarlardan uzaqlaşaraq populizm, şou, sensasiya arxasınca gedərsə, o zaman həmin informasiya mənbəyi peşəkarlıq və məsuliyyət hissindən uzaqlaşaq ki, bu da həmin KİV vasitəsinin reytinq dərəcəsinə sarsıdıcı zərbə vura bilər.

Bu günlərdə növbəti ildönümünü qeyd edən Azərbaycan televiziyası sözün əsl mənasında bütün Azərbaycanın televiziyası olduğunu ortaya qoyduğu fəaliyyəti ilə illərdir sübuta yetirir. Müasir dövrün reallıqları bəzi hallarda televiziyalardan ehkamlardan uzaqlaşaraq kosmopolit yanaşma tərzinə keçməyi tələb edir. Lakin əsl milli televiziya heç bir şərt altında milli-mental dəyərlərdən imtina edərək trend və reytinq arxasınca qaçmaz. Azərbaycan televiziyası da yarandığı gündən indiyədək məhz millli-mənəvi dəyərlərin keşiyində dayanaraq xalqa sədaqətlə xidmət edir, onun görmək istədiyi dəyərləri təbliğ edir, təkcə mahiyyəti ilə deyil, məzmunu ilə də milli xarakter daşıdığını nümayiş etdirir. Milli televiziyamızın ekranlarına gətirilən proqramlar, bu proqramların peşəkar jurnalistlər tərəfindən hazırlanması, ziyalı sözünə verilən dəyər bir daha təsdiqləyir ki, belə televiziya cəmiyyətin maariflənməsində, gənc nəslin vətənpərvər və sağlam ruhda böyüməsində, milli və dövləti maraqlarımızın qorunmasında müstəsna rol oynayır. Minlərlə jurnalistin yetişməsi üçün həqiqətən də “məktəb” funksiyasını yerinə yetirən Azərbaycan televiziyası bu gün də öz xeyirxah və humanist fəaliyyət xəttini uğurla davam etdirir.

Beləliklə, Azərbaycan televiziyası azərbaycançılığın geniş, sistemli, davamlı efir məkanıdır. Bu efir məkanının fəaliyyətini aşağıdakı mərhələlərə bölmək olar:

1. 1956 –1970–ci illərədək olan mərhələ;

2. 1970 – 1988-ci ilədək olan mərhələ;

3. 1988-1993–cü illər mərhələsi;

4. 1993-cü ildən bu günədək olan mərhələ.

İlk dövrlərdə Sovet Azərbaycanının ictimai–siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq sevilən televiziya kanalımız 70–ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin xüsusi diqqətilə azərbaycançılığın təbliği istiqamətində güclü və təsirli efir məkanına çevrildi. Həmin illərdə xalqın milli–mənəvi dəyərləri televiziyamızın efirində də özünə yer tapdı. Təsadüfi deyil ki, Ermənistanın ötən əsrin 80–cı illərinin sonlarından başlayaraq ölkəmizə qarşı ərazi iddialarına cavab olaraq yaranan vətənpərvərlik və milli ruhun təməlində də məhz Azərbaycan Televiziyasının təbliğ etdiyi milli–mənəvi ideya dayanırdı.

1993–cü ilədək olan üçüncü mərhələdə Azərbaycan Televiziyası özünün keçid dövrünü yaşadı. 1993–cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan milli televiziyası qarşısında yeni üfüqlər açdı. Artıq bu televiziya azərbaycançılıq ideyasının azad, məhdudiyyətsiz və ən səriştəli efir məkanına çevrildi.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, Azərbaycan ziyalılarına, elm və mədəniyyət korifeylərinə, zəngin tariximizə göstərdiyi diqqət və qayğı bu gün də Azərbaycan Televiziyasında prinsipial xətt kimi qorunub saxlanılır. Mütəmadi olaraq ziyalıların, siyasi və iqtisadçı ekspertlərin və ictimaiyyətin müxtəlif təbəqələrinin efir vasitəsilə dəyərli fikirlərini televiziyada bölüşmələri, mövcud problemlərin aradan qaldırılması istiqamətində mülahizələrini söyləmələri isə onu göstərir ki, Azərbaycan Televiziyası hazırda da xalqımızın milli ruh fəlsəfəsinin qorunmasında başlıca rol oynayır, yorulmadan milli-mənəvi və mədəni dəyərlərimizin keşiyində dayanmaqda davam edir. Milli yaddaşımızın daim yenilənməsində Azərbaycan Televiziyasının xüsusi rolu var. Televiziyanın xalqımızın, dövlətimizin ictimai-siyasi həyatında təkrarsız rolunu vurğulayan ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır. Azərbaycan həqiqətlərinin, xüsusən də Ermənistanın ölkəmizə qarşı təcavüzkar müharibəsinin, qaçqınların ağır sosial-iqtisadi vəziyyətinin obyektiv şəkildə işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında efir işçilərimiz öz vəzifələrini layiqincə yerinə yetirirlər”.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişafi, qüdrətli dövlətə çevrilməsi, xəyanətkar Ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanılması bu problemin tezliklə Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir. Bu istiqamətdə Azərbaycan Televiziyasında milli vətənpərvərlik ruhunda hazırlanan verilişlər xüsusi ideoloji əhəmiyyət daşıyır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gələcək nəsillərə çatdırılması işində Azərbaycan Televiziyasının misilsiz tarixi xidmətləri var. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Azərbaycan Televiziyası azərbaycançılıq ideologiyasının əsl təşviqatçısıdır. Bu ideologiya ölkəmizin inkişaf fəlsəfəsinin bütün komponentlərini özündə ifadə etməklə gələcəyə aparan yollarımızı müəyyənləşdirir. Bu mənada, Azərbaycan Televiziyası milli inkişaf yolumuzu işıqlandıran bir mayak rolunu oynamaqdadır.

Televiziyada son dövrlərdə keyfiyyətli ictimai-siyasi analitik proqramların sayının artması əhalinin siyasi cəhətdən maariflənməsində və inkişafında əvəzsiz rol oynayır. Bu verilişlərdə müzakirə olunan məsələlər ölkənin və dünyanın ictimai-siyasi həyatı haqqında tamaşaçılarda aydın təsəvvürlər formalaşdırmaqla yanaşı, milli maraqlarımıza cavab verən, ölkəmizin davamlı inkişafının ruhuna uyğun ictimai-siyasi ideyaların genişlənməsini təmin edir ki, bu da cəmiyyətdə konsolidasiya meyillərini əhəmiyyətli dərəcədə gücləndirir.

Hazırda yeni qlobal çağırışlar fonunda dünya miqyasında baş verən proseslər, sivilizasiyaların dialoqu qarşısındakı maneələr və virtual məkanın yeni tələbləri Azərbaycanda da müxtəlif formatlarda ciddi müzakirə edilir. Həmin məsələlərlə bağlı proqressiv ideyaların qoyuluşu və istiqamətləndirilməsi, habelə, strateji hədəflərə çatmaq üçün prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı polemikaların təşkilində Azərbaycan milli televiziyası öndə gedir. Milli televiziyamızın üzərinə götürdüyü müqəddəs və mentalitetimizə uyğun vəzifələri nəzərə alaraq bütün cəmiyyət inanır ki, obyektiv gerçəkliklərin aynasına çevrilən bu televiziya Azərbaycan dövlətinə və xalqına layiqincə xidmət göstərməkdə davam edəcək. Yolunuz uğurlu və açıq olsun.

 




  Yayım tarixi :05 Noyabr 2018   17:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .