XƏBƏR
14:03

  “Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakıda təşkil olunan “İnnovasiya həftəsi” çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) və “Microsoft Azerbaijan” şirkəti arasında əməkdaşlığa dair təqdimat keçirilib.

Agyol.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazrinini birinci müavini Əli Abdullayev NYRTN və “Microsoft Azerbaijan” şirkəti arasında mövcud olan sıx əməkdaşlıqdan, o cümlədən ölkədə birgə hayəta keçirilən layihələrdən danışıb və bildirib ki, hazırda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur ki, sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Nazir müavini əlavə edib ki, Azərbaycan "Microsot" korporasiyası ilə uzun illər əməkdaşlıq edir və ölkədə elektron imzaların (e-imza) istifadəsini təmin edən "açıq açar" infrastrukturunun qurulmasında "Microsoft"un böyük rolu olub. Bu günədək Azərbaycanda 159 mindən çox istifadəçiyə e-imza sertifikatı təqdim olunub və hazırda elektron imza yeni nəsil şəxsiyyət vəsiqələrində uğurla tətbiq edilir.

“Nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC ilə "Microsoft" arasında yeni "Enterprise Agreement" sazişi imzalanıb. Bu layihə dövlət qurumlarında lisenziya problemini aradan qaldırmaqla kibertəhlükəsizlik, əqli mülkiyyət və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcək. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin edilir", - deyə Ə.Abdullayev qeyd edib.

Tədbirdə çıxış edən “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində dövlət qurumları ilə iş üzrə direktoru Evangelos Xrisafidis bildirib ki, rəqəmsal transformasiya mürəkkəb və uzun bir prosesdir və bu müstəvidə “Microsoft” üçün dövlət qurumları ilə sıx əməkdaşlıq etmək olduqca önəmlidir: “Rəqəmsal transformasiya və müasir innovativ texnologiyaların tətbiqi iqtisadi yüksəlişin və geostrateji möhkəmliyin mühüm bir qouldur, belə halda əhali də gündəlik həyatlarına təsir edən dövlət xidmətlərini daha təkmilləşdirilmiş formada alır. Rəqəmsal transformasiya eyni zamanda ölkələrə investisiyaların cəlb olunmasında kömək olur ki, bu da özlüyündə texnologiya şirkətləri və startaplar ekosistemini gücləndirir. Azərbaycan İKT sahəsində əhəmiyyətli dərəcədə inkişafa nail olub. “Microsoft” olaraq biz ən yaxşı beynəlxalq təcrübələri və bilikləri gətirməklə rəqəmsal transformasiya sahəsində Azərbaycan hökumətinə tövsiyələrimizi verməyə və əməkdaşlıq etməyə hazırıq. Bunun üçün bizim birgə böyük potensialımız, texnologiya və həllərimiz mövcuddur”.

E.Xrisafidis onu da əlavə edib ki, Azərbaycanla “Microsoft” arasında əməkdaşlıq çərçivəsində 5 mərhələdən ibarət işlər aparılacaq. Bura infrastrukturdan yararlanıb, rəqəmsal transformasiya prosesini maksimuma çatdırmaq, növbəti addımları layihələndirmək, öncə pilot layihələrin icrasına başlayıb, daha sonra onları genişləndirmək, beynəlxalq texnologiya arenasında Azərbaycanın təqdimatı və yüksəldilməsi və son olaraq, dövlət qulluqçuları üçün təlimlər daxildir. Rəqəmsal transformasiya bütün dövlət sahələrini əhatə edir: səhiyyə, təhsil, şəhərlərin inkişafı, ictimaiyyətin qorunması və milli təhlükəsizlik və s.

Tədbir çərçivəsində Nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azerbaijan” şirkəti arasında Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Mərkəzin rəhbəri Rauf Cabbarov və “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar.

S.Həşimovun sözlərinə görə, “əşyaların interneti” yeni bir qlobal tendensiyadır və bu sahədə mütəxəssislərin hazırlanması olduqca vacibdir. Mərkəzin nəzdində yaradılacaq “Əşyaların İnterneti” laboratoriyası innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək.

Tərəflər arasında imzalanmış memorandum 3 illik dövrü əhatə edir və eyni zamanda “Microsoft”un Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlığı əhatə edir. Belə ki, əməkdaşlıq çərçivəsində proqram həllərinin alınması ilə yanaşı ölkədə qorunan bir mühitin yaradılması, qeyri-neft sahəsinin inkişafı, yeni sektor və seqmentlərin formalaşdırılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, əhalinin bu xidmətlərdən geniş istifadəsi və s. daxildir.

Qeyd edək ki, “Əşyaların İnterneti” laboratoriyasının təqdimatı “Bakutel-2018” sərgisində nümayiş olunacaq.

 




  Yayım tarixi :02 Noyabr 2018   14:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .