XƏBƏR
12:43

  Mədət Quliyev: Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır (YENİLƏNİB)

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddətdir ki Dağlıq Qarabağ münaqişəsinin həlli yubanır.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev deyib.

M.Quliyev qeyd edib ki, qondarma Dağlıq Qarabağ problemi Ulu Öndər Heydər Əliyevə hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi vaxtdan məlum idi. Buna görə də münaqişənin qurbanı olan vətəndaşlarımızın taleyinə həm Naxçıvanda, həm də paytaxt Bakıda işlədiyi zaman xüsusi diqqət yetirirdi. Erməni quldurları Qərbi Azərbaycandakı ata-baba yurdlarında və Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla yanaşı, Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrinə, Mehri rayonu ərazisindən keçərək Naxçıvana gedən dəmir yolu xəttinə hücumlar edir, insanlarda vahimə yaradır, məqsədli şəkildə onları qətlə yetirir, işgəncələr verir, əsir və girov götürürdülər:

"Bir çox vətəndaşımız itkin düşmüş yaxınlarını axtarmaq və düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin cəsədlərini geri qaytarmaq məqsədilə həmin illərdə Naxçıvan Muxtar Respublikasında deputat və Ali Sovetin sədri olduğu dövrdə Ümummilli Lider Heydər Əliyevin onlara göstərdiyi köməyi minnətdarlıqla xatırlayır. Dövlət Komissiyasının rəsmi sənədlərində də əksini tapmış ifadələrə əsasən, Ulu Öndər nə qədər çətin olsa da, onlara kömək göstərmək, üzləşdikləri humanitar problemə yardım etmək və öz nüfuzu sayəsində onlarla vətəndaşımızın əsir-girovluqdan azad olunmasına, şəhidlərimizin cəsədlərinin alınmasına nail olmuşdu. Dahi rəhbərin bu fəaliyyəti hər bir azrəbaycanlı üçün böyük humanizm nümunəsidir".

Sədr bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ Ümummilli Liderin xüsusi diqqət ayırdığı prioritet sahə olub: "Ulu Öndər Heydər Əliyevin 1993-cü il avqustun 30-dan sentyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Müharibə qurbanlarının müdafiəsi üzrə” beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciəti bunun bariz nümunəsidir: “Bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Problem heç də yalnız onda deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşüb. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənindən qaçqın olub, minlərlə adam bu gün də ermənilərin əlində girov kimi saxlanılır. Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür”.

Bu müraciət Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması barədə ilk rəsmi sənəd nümunəsidir. Törədilmiş müharibə cinayətlərinin cəzasız qalması Ulu Öndəri daim düşündürür və narahat edirdi. Buna görə də Ümummilli Lider 2001-ci il martın 1-də imzaladığı Sərəncamında Dövlət Komissiyasının qarşısında “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü” işin aparılması kimi zəruri vəzifə qoymuşdu".

M.Quliyev deyib ki, sərəncamdan sonra Komissiyada toplanmış çoxsaylı məlumat və materialların əsasında müxtəlif dillərdə kitablar tərtib edilib, filmlər çəkilərək beynəlxalq aləmdə yayılıb: "Eyni zamanda, törədilmiş cinayət əməllərinin prosessual qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Respublika Baş Prokurorluğunun əməkdaşlarından yaradılmış birgə istintaq-əməliyyat qrupu fəaliyyət göstərir".

Dövlət Komissiyasının sədri vurğulayıb ki, 2003-cü ildən sonra da Ulu Öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanda uğurla davam etdirildi:

"Müharibə qurbanları məsələsi bu kursun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən birdir. Hər birimiz şəhid qəhrəmanlarımız Mübariz İbrahimovun, Fərid Əhmədovun, Çingiz Qurbanovun, o cümlədən Aprel şəhidlərinin düşmənin nəzarətində olan ərazilərdə qalmış cəsədlərinin alınaraq Vətən torpağına tapşırılması işində möhtərəm Prezidentin şəxsi səylərini, dəfn mərasimlərində iştirakını, ailələrlə görüşlərini və söylədiyi fikirləri yaxşı xatırlayırıq. Təsadüfi deyil ki, builki seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanmış möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı ilk rəsmi sənəd müharibə qurbanları ilə bağlı 2018-ci il 19 aprel tarixli fərman olub. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu fərman həmin kateqoriyadan olan insanlara və onların ailələrinə möhtərəm Prezidentin göstərdiyi qayğının bariz nümunəsi olmaqla yanaşı, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasına da çox ciddi təsir edən normativ hüquqi sənəddir".

M.Quliyev qeyd edib ki, ötən illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir və girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlara görə, 871 nəfər Azərbaycan vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır.

General-polkovnik bildirib ki, daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər:

"Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, dövlətimizin başçısı keçirdiyi müvafiq görüş və müzakirələrdə bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır".

M.Quliyev vurğulayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərin “hamının-hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb: "Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”.

 




  Yayım tarixi :01 Noyabr 2018   12:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .