XƏBƏR
14:30

  3 ölkənin xarici işlər nazirləri İstanbul Bəyannaməsini imzaladılar

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb.

Agyol.az xəbər verir ki, Azərbaycan XİN-dən  verilən məlumata görə, bəyannamədə nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğulayır, regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər.

Eləcə də nazirlər müxtəlif səviyyə və platformalarda, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşıblar.

O cümlədən, nazirlər beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəlikləri vurğulayıblar.

Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanıb.

Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğulayan tərəflər etiraf ediblər ki, JCPOA-nın uğurla həyata keçirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.

Bəyannamədə BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-ya əməl etdiyini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə vermək öhdəlikləri xatırlanır. Bu xüsusda ölkələr arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstədiyi üçün birtərəfli sanksiyalar pislənilir.

Terrorizm, separatçılıq və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və onların prekursorlarının, silahların qanunsuz dövriyyəsi, insan alveri, miqrantların qaçaqçılığı, çirkli pulların yuyulması, kibercinayətkarlıq, mədəni və tarixi irsə qarşı cinayətlər və digər transmilli təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində müvafiq beynəlxalq alətlər üzərində əməkdaşlığı gücləndirmək öhdəlikləri bir daha qeyd edilib.

Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsi razılaşdırılıb.

Beynəlxalq tranzit dəhlizləri üzərində coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialından daha da yararlanmaq və beynəlxalq tranzit sisteminə daha yaxşı inteqrasiya etmək üçün nəqliyyat infrasturukturunun inkişafı naminə əməkdaşlığın inkişaf etdirilməsi səyləri təşviq edilib.

Nazirlər 3 ölkə arasında bağlılığı artırmaq üçün geniş miqyaslı layihələrin əhəmiyyətini vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun təqdim etdiyi və hər üç ölkə üçün faydalı olacaq potensialdan tam istifadə etməyi təşviq ediblər və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini vurğulayıblar, habelə hər üç ölkənin xeyrinə limanların tam imkanlarından istifadə edilməsini təşviq edilməsini qeyd ediblər.

Bununla yanaşı, tərəflər beynəlxalq birləşmiş nəqliyyatın regional ticarətin mütəmadi olaraq genişləndirilməsini asanlaşdıran vasitələrindən biri olduğunu qeyd ediblər və üçtərəfli ticarətin təşviqi tələblərindən irəli gələrək səmərəli, iqtisadi və effektiv intermodal nəqliyyat xidmətlərinin inkişafının stimullaşdırılmasına ehtiyac duyulduğunu vurğulayıblar.

Bəyannamədə enerji sahəsində kommersiya əməkdaşlığının genişləndirilməsi istəkləri də ifadə edilir.

İqtisadi əməkdaşlığı möhkəmləndirməyə, sərmayə və ticarətin təşviqi üçün mövcud imkanlardan istifadə etməyə və bərpa olunan enerji, nəqliyyat, sərhəd və gömrük, bank işi, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit kimi sahələrdə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.

Üç ölkənin biznes dairələri arasında yeni imkanların yaradılması və iqtisadi və ticarət münasibətlərinin daha da gücləndirilməsi üçün Üçtərəfli Biznes Forumun yaradılması təşviq edilib.

Üç ölkənin xarici işlər nazirləri kiçik və orta sahibkarlar arasında iqtisadi və kommersiya əməkdaşlığının daha da yaxşılaşdırılmasını dəstəkləyiblər, rəqəmsal transformasiya sahəsində üç ölkənin ictimai, özəl sektorları və akademik dairələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

O cümlədən Türkiyə, Azərbaycan və İranın müvafiq qurumları arasında elm və texnologiya sahəsində üçtərəfli tədqiqat, inkişaf və innovasiya layihələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Humanitar sahədə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində birgə layihələr və tədbirlərin təşəbbüsü və təşviqi üzrə hazır olduqları vurğulanıb.

Müvafiq Nazirlik və Agentliklərin bu və əvvəlki bəyanatlardakı müddəaların praktiki icrasına yönəldilmiş üçtərəfli əməkdaşlığı gücləndirmələri və onları həyata keçirmək üçün səylər göstərmələrini təşviq etmək razılaşdırılıb.

Həmçinin Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planının müddətinin 2018-ci ilin sonunda yekunlaşdığını nəzərə alaraq, fəaliyyət planının növbəti 3 ilə 2021-ci ilin sonunadək uzadılması qərara alınıb.

Nazirlər Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planında əks olunmuş sahələr üzrə üç ölkə arasında təkliflər mübadiləsini nəzərə alaraq,İranda mümkün qədər qısa zamanda keçiriləcək alt komitələrin ilk iclaslarında iştirak etmək məqsədilə VI görüşdən dərhal sonra öz nümayəndələrini müəyyən etməyə razılaşıblar. Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.

Növbəti görüş İranda keçiriləcək.

 




  Yayım tarixi :30 Oktyabr 2018   14:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .