XƏBƏR
15:14

  Əli Əhmədov: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov oktyabrın 24-də BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri İnqa Ronda Kinqlə görüşüb.

Agyol.az xəbər verir ki, Ə.Əhmədov oktyabrın 25-26-da paytaxtımızda keçiriləcək Dayanıqlı İnkişafa dair Bakı Forumunda iştirak üçün ölkəmizə səfərə gələn BMT-nin İqtisadi və Sosial Şurasının sədrinə dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsi mövzusunda təşkil ediləcək Bakı Forumunda İ.R.Kinqin iştirakı BMT-Azərbaycan əlaqələrinə öz töhfəsini verəcək.

Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətlərdən danışaraq əlaqələrin bundan sonra daha da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb. 2019-cu ilin yayında Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı təqdim ediləcək.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll edilməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə respublikamızın ərazi bütövlüyü və toxunulmazlığı bir daha təsdiqlənib və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb olunub. Təəssüf ki, məlum qətnamələr indiyədək yerinə yetirilməyib.

BMT-nin İqtisadi və Sosial Şurasının sədri İ.R.Kinq Bakıda olmasından və yüksək səviyyəli forumda iştirakından məmnunluğunu ifadə edib, dəvətə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 




  Yayım tarixi :24 Oktyabr 2018   15:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .