XƏBƏR
23:16

  Prezident İlham Əliyevin Lənkərana səfəri çərçivəsində müasir üslubda yeni inşa olunan “Lənkəran-2” yarımstansiyasının açılışı olub

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının açılışı olub.

1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan “Lənkəran-2” yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.

Qeyd edək ki, Masallıda da yenidən qurulan “Tüklə” yarımstansiyasının gücü 32 meqavolt amperə çatdırılıb. 110 kilovoltluq “Tüklə” və “Lənkəran-1” yarımstansiyaları vasitəsilə Masallı və Lənkəran rayonlararası 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub ki, bu da Lənkəran rayonunda, o cümlədən Liman şəhərində ikinci qida mənbəyinin yaradılması, bununla da hər iki rayonun elektrik təchizatının dayanıqlılığının artırılması deməkdir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yeni yarımstansiya 70 min əhalini və 516 obyekti elektrik enerjisi ilə təchiz edir.

 

 Prezident İlham Əliyev: Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur


Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur.

Agyol.az xəbər verir ki, bunu Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzində görülən işlərlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Sizi ürəkdən salamlayıram, Lənkəran rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Lənkərana Prezident kimi 10-cu səfərimdir. Hər səfərdə yeni obyektlərin açılışında iştirak edirəm və şadam ki, Lənkəranda yeni gözəl obyektlərin sayı çoxalır. Bu gün Lənkəranda yaradılan İstisu sanatoriyasının fəaliyyəti ilə tanış oluram. Tanışlıq çox gözəl təəssürat bağışlayır, çox gözəl istirahət zonasıdır, gözəl oteldir. Siz bilirsiniz ki, bu yerdə sovet vaxtında sanatoriya olub. O sanatoriyanın görüntüləri bu stenddə göstərilir, tamamilə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, müasir tələblərə cavab vermirdi. Şadam ki, yeni tikilən otel, istirahət müalicə mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Burada 182 otaqda qonaqlar, yerli sakinlər dincələcəklər, müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa edəcəklər. Bu gözəl turizm obyektinin açılışı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün regionlar sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər, o cümlədən turizm obyektləri yaradılır”.

İlham Əliyev vurğulayıb ki, Lənkəran rayonunda turizmin inkişafı sürətlə gedir: “Keçən il mən burada olarkən dəniz sahilində yerləşən otelin açılışında iştirak etmişəm. Mənə indi məlumat verildi ki, o otel 100 faiz işləyir, yəni, otaqların yüz faizi qonaqlar tərəfindən götürülüb, istifadə olunur. Hazırda Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana gələn turistlərin sayı daha da artır və artacaqdır. Bu gün biz yeni gözəl otelin açılışını qeyd edirik.

Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir”.

Prezident bildirib ki, turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur: “İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir”.

Dövlət başçısı əlavə edib ki, dəmir yolu nəqliyyatı Azərbaycanda yenilənir, yeni xətlər çəkilir: “O cümlədən təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Yəqin eşitmisiniz, mən çıxışlarımın birində demişəm ki, Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək ki, həm daha da rahat olsun, həm sürət artsın, eyni zamanda, biz sahil zonasını turizm infrastrukturuna cəlb edək. Avtomobil yolları çəkilir. Mən keçən ay Bakı-Astara avtomobil yolunun açılışını etdim, gözəl tədbir keçirildi. Bildiyiniz kimi, indi yolun məsafəsi təxminən 40 kilometr qısalıb və bu gün dünya miqyasında ən gözəl yollardan biridir. Mən Bakıdan Astaraya qədər indi o yol ilə gəlmişəm, adam zövq alır, gözəl, hamar, mənzərəli bir yoldur, sağ-sol meşələr, dağlar. Beləliklə, Bakıdan Lənkərana, Astaraya gəlmək üçün insanlar daha rahat yoldan istifadə edəcəklər.

Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər”.

Prezident deyib ki, ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi: “Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar.

O cümlədən ölkəmizdə müalicəvi turizm inkişaf edir və İstisu Sağlamlıq Mərkəzinin yaradılması bu istiqamətdə önəmli addımdır. Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək. Yəni, müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir. Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir”.

İlham Əliyev vurğulayıb ki, beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır: “İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir”.

Azərbaycan Prezidenti bildirib ki, bütövlükdə son illərdə Lənkəran rayonunda çox böyük işlər görülüb: “İlk növbədə, biz infrastruktur layihələrinə böyük diqqət göstərmişik. Mənim yadımdadır, ilk dəfə prezident kimi mən Lənkərana gələndə Lənkəran şəhərində demək olar ki, təbii qaz yox idi. Bu gün nəinki Lənkəran şəhərində, Lənkəran rayonunda qazlaşdırmanın səviyyəsi 95 faizdir. Yəni, demək olar ki, biz bu problemi həll etmişik. Elektrik enerjisi ilə həmişə problemlər var idi. 2005-ci ildə Astarada tikilmiş modul tipli elektrik stansiyasının fəaliyyəti nəticəsində bu problem də indi öz həllini tapır. Eyni zamanda, Astarada 80, Lerikdə 16 meqavat gücündə elektrik stansiyalarının tikintisi başa çatıb. Bunlar bütün bölgəyə xidmət göstərən elektrik stansiyalarıdır”.

Dövlətimizin başçısı xatırladıb ki, beş il bundan əvvəl Lənkəranın içməli su problemi həll olundu: “Yadımdadır, o günü də biz birlikdə qeyd etmişdik. Kənd yollarının 75 faizi yenidən quruldu və bu proses davam etdirilir, gələn il əlavə vəsait ayrılacaq. Yəni, infrastrukturla bağlı olan bütün məsələlər həll olunur, görülən işlər göz qabağındadır, 40-dan çox məktəb tikilib və ya təmir edilib. Müasir Olimpiya İdman Kompleksi tikilib, biz bu gün onun açılışını qeyd edəcəyik. 2003-cü ildə birinci Olimpiya kompleksi yaradılmışdır. Ancaq əfsuslar olsun ki, o vaxt keyfiyyət o qədər də yaxşı deyildi və o, sıradan çıxdı. Göstəriş verdim ki, Lənkəran şəhərində mütləq ən gözəl Olimpiya mərkəzi yaradılsın, biz bu gün onun açılışını qeyd edəcəyik. Lənkəran aeroportunu qeyd etdim, müalicə-diaqnostika mərkəzi tikilmişdir, mərkəzi şəhər xəstəxanası əsaslı bərpa edilmişdir.

Bu gün “Azərxalça” İstehsalat Birliyinin filialının açılışını qeyd edəcəyik. Orada da 100-dən çox insan işlə təmin ediləcək. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, Lənkəran rayonunun inkişafı daha da sürətlə getsin. Əlbəttə ki, növbəti illərdə görüləcək işlər haqqında da biz indidən düşünürük. Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul ediləcək. Qalan bütün məsələlər o proqramda öz əksini tapacaq. Bilirəm ki, binaların dam örtükləri ilə bağlı problemlər var, biz onları həll edəcəyik. Proqramımızda hələ kənd yollarının çəkilişi, məktəblərin tikintisi var. Biz bütün bunları həll edəcəyik ki, Lənkəran rayonunda bir dənə də olsun problem qalmasın. Sizi bir daha salamlayıram, təbrik edirəm və yeni uğurlar arzulayıram”.

 

Prezident İlham Əliyev: “Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq


“Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq.

Agyol.az xəbər verir ki, bunu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Siz xalçaçılığı yaşadırsınız. Şadam ki, Azərbaycanda belə xalça fabriklərinin tikintisi geniş vüsət alıb. Bu, mənim iştirakımla açılan sayca altıncı xalça fabrikidir. “Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq. Hər fabrikdə 100-dən çox işçi çalışır. Mənə verilən məlumata görə, burada 116 işçi var. Demək olar ki, onların hamısı qadınlardır. Qadınlar üçün iş yerləri, belə gözəl şərait yaradırıq. Belə gözəl binada işləmək də xoşdur, adama zövq verir. Siz bizim qədim sənətimizi yaşadırsınız, burada şagirdlər də var, təlimlər keçirilir. Bu, deməyə əsas verir ki, xalçaçılıq sənəti Azərbaycanda əbədi yaşayacaq”.

İlham Əliyev bildirib ki, Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var: “Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk. Hazırda Sumqayıt şəhərində əyirici-boyaq fabriki tikilir. Fabrik tikiləndən sonra özümüzü həm boya ilə, həm ipliklə təmin edəcəyik. Bölgələrdə yun qəbulu məntəqələri yaradılır ki, keyfiyyətli xammal tədarük edilsin. Yəni, xalçaçılıq Azərbaycanda tam yerli xammal əsasında inkişaf edəcək. Bir daha demək istəyirəm ki, ən önəmlisi, hər fabrikdə qadınlar üçün 100-dən çox, bəzilərində 120, 130, 150 iş yeri, gözəl şərait yaradılır ki, siz burada işləyəsiniz, yaxşı pul qazanasınız və bu sənəti əbədi yaşadasınız.

Mən keçən il də, bu il də gəlmişəm. Bu, 15 il ərzində mənim Prezident kimi Lənkərana 10-cu səfərimdir. Bundan sonra hələ xeyli açılışlar olacaq, bəlkə bu fabrikin ikincisini də yarada bilərik”.

Prezident vurğulayıb ki, Lənkəranın çox qədim xalçaçılıq məktəbi, sənəti var: “Burada sırf Lənkəran məktəbinin xalçaları toxunur. Mən sizi ürəkdən təbrik edirəm. Sağ olun”.

 

Prezident İlham Əliyev: Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin


Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin.

Agyol.az xəbər verir ki, bunu “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Mən sizi salamlayıram. Bu gün Astara şəhərində çox gözəl, əlamətdar bir gündür. Biz Astara şəhərinə rəsmi olaraq içməli suyun verilməsini qeyd edirik. Mənə verilən məlumata görə, artıq iki aya yaxındır ki, evlərə təmiz içməli su verilir. Bu, çox gözəl hadisədir. Mən də bu gün gəlmişəm ki, bu gözəl hadisəni sizinlə birlikdə rəsmi qaydada qeyd edim.

İçməli su insan sağlamlığı üçün əsas şərtdir. Bunu hər kəs bilir. Astara şəhərində də bu problem öz həllini tapıb. Beləliklə, şəhər sakinlərinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Növbəti mərhələdə artıq bir çox kəndlərə də suyun verilməsi nəzərdə tutulur. Əlbəttə, növbəti illərdə bu məqsədlə əlavə vəsait ayrılacaq ki, bu problem öz həllini tapsın. İçməli su layihələrinin icrası böyük maliyyə vəsaiti, çox böyük investisiyalar tələb edir. Biz bunu edirik ki, insanlar çox təmiz, keyfiyyətli su ilə təmin olunsunlar. Çünki bir daha demək istəyirəm ki, sağlamlıq üçün, normal həyat tərzi üçün içməli su əsas şərtdir”.

İlham Əliyev vurğulayıb ki, bir çox rayonlarımızda içməli su layihələri icra edilir: “Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq. Digər layihələrə gəldikdə, Astara rayonunda infrastrukturun yaradılması sürətlə gedir, qazlaşdırma 83 faizdir, kənd yollarının tikintisi geniş vüsət alıb. Mənə verilən məlumata görə, Astara rayonunun kənd yollarının 92 faizi yenidən qurulub. Bu, çox gözəl göstəricidir. Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır”.

Prezident bildirib ki, eyni zamanda, keçən ay Bakı-Astara avtomobil yolunun açılışı olub: “Bu, ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yoldur. Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub. Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq”.

Dövlət başçısı hesab edir ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək: “Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar. Digər layihələrə gəldikdə, bildiyiniz kimi, 2005-ci ildə Astara şəhərində modul tipli elektrik stansiyası tikilmişdir. Bu stansiya həm rayona, həm də bütün bölgəyə xidmət edir. Beləliklə, elektrik enerjisi ilə təchizat məsələləri də həll olunub. Bu gün içməli su layihəsi, - qazlaşdırmanı dedim, - kənd yolları çəkilir. Yəni, Astarada əsas infrastruktur məsələləri demək olar ki, öz həllini tapmaqdadır.

Sosial infrastruktura gəldikdə, rayonda son illərdə 35 məktəb, Olimpiya İdman Kompleksi tikilib, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir edilib, digər sosial obyektlər yaradılır. Astara rayonunun çox böyük turizm potensialı var. Bakı-Astara yolu istifadəyə veriləndən sonra əlbəttə ki, turistlərin sayı da artmalıdır və artacaq. Xarici turistlər Astaraya üz tuturlar. Burada turizm infrastrukturu, eyni zamanda, istirahət zonaları, o cümlədən bulvar kompleksi yaradılır”.

Azərbaycan Prezidenti bildirib ki, Astara sakinləri üçün bulvar kompleksinin yaradılmasına əlavə vəsait ayrılıb ki, bu istirahət zonası daha da böyük ərazini əhatə etsin:

“Bilirsiniz ki, keçən il Lənkəranda bu zonanın inkişafına təkan verəcək çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirilmişdir. Müşavirədən sonra dövlət proqramları qəbul edilmişdir və bu sahədə də irəliləyiş var. Ona görə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Turizm infrastrukturunun yaradılması öz həllini tapır. Yeni iş yerlərinin yaradılması prosesi də gedir. Çünki kənd təsərrüfatına verilən böyük dəstək, əlbəttə ki, məşğulluğu artırır, insanlar daha da yaxşı imkanlar əldə edirlər, öz rifah halını yaxşılaşdırırlar və bu gözəl diyarda işlər daha da yaxşı gedəcək.

Artıq qeyd etdiyim kimi, gələcəkdə Bakı-Astara avtomobil yolunun İran sərhədinə çatdırılması layihəsi icra olunacaq. Eyni zamanda, burada kommunal evlərdə yaşayan insanlar üçün 48 mənzildən ibarət yeni yaşayış binası tikiləcək. Gələn ilin investisiya proqramında yeni kənd yollarının layihəsi nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələlər həll ediləndən sonra biz əsas infrastruktur layihələrini yerinə yetirmiş oluruq. Gələcəkdə, sadəcə olaraq, bu imkanlardan istifadə edilməlidir ki, rayonun potensialı daha da böyüsün. Sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, burada yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Ənənəvi kənd təsərrüfatı sahələri daha da sürətlə inkişaf etməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür, dövlət tərəfindən kifayət qədər böyük diqqət göstərilir”.

İlham Əliyev deyib ki, Astara rayonunda və qonşu rayonlarda son illər ərzində görülmüş işlər çox böyük maliyyə vəsaiti tələb edən işlərdir: “Həm elektrik, həm qaz, həm də yol təsərrüfatlarının, Lənkəran beynəlxalq aeroportunun yaradılması, su layihələrinin icrası, magistral yolların çəkilişi, kənd təsərrüfatına verilən dəstək böyük maliyyə vəsaiti tələb edir. Biz bunu da edirik və etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bunu tələb edir. Bu proqramı da biz qəbul etmişik və bu ilin sonunda üçüncü Dövlət Proqramı başa çatır. Demək olar ki, biz proqramı artıqlaması ilə icra etmişik, o cümlədən proqramda Astara rayonuna aid olan bütün məsələlər artıqlaması ilə öz həllini tapıbdır.

Deyə bilərəm ki, sonuncu böyük layihə, bax, bu gün rəsmi qaydada istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm”.

 

Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq nüfuzu, gücü artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir


Azərbaycanın beynəlxalq nüfuzu, gücü artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir.

Agyol.az xəbər verir ki, bunu “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün yenidən Lerik rayonundayam, çox şadam ki, sizinlə görüşürəm. Bu, mənim Prezident kimi Lerik rayonuna dördüncü səfərimdir. Əvvəlki illərdə Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Əlbəttə, ilk növbədə, biz Lənkəran-Lerik yolunun çəkilişi ilə məşğul olduq. 2005-ci ildə müvafiq göstəriş verilmişdi və yol çəkildi. Əvvəllər də yol olub, amma çox bərbad vəziyyətdə idi və yolun çəkilişindən sonra Lerikdə inkişaf daha da sürətlə getməyə başladı. Bu ilin yayında mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb və Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldı və yol yenidən çəkilməyə başlanmışdır. Qalan vəsait də Dövlət İnvestisiya Proqramından ayrılacaq ki, Lənkəran-Lerik yolu ən yüksək standartlara cavab versin. Deyə bilərəm ki, yol bu gün də yaxşı vəziyyətdədir, ancaq daha yaxşı vəziyyətdə olacaq.

Bildiyiniz kimi, sovet vaxtında Lerikdə qazlaşdırma aparılmamışdı. Lerik şəhərinin təbii qazla təmin edilməsi üçün müvafiq göstəriş verildi və qaz xətti çəkildi. Bu gün mənə verilən məlumata görə, Lerik rayonunda qazlaşdırma 36 faiz səviyyəsindədir. Rayonun relyefini, dağlarını nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir. İmkan daxilində Lerik rayonunun qazlaşdırılması ilə bağlı əlavə addımlar atılacaqdır”.

İlham Əliyev bildirib ki, bu gün Lerikdə 16 meqavat gücündə yeni elektrik stansiyasının açılışı nəzərdə tutulur: “Beləliklə, bu enerji ümumi sistemə verilərkən nəinki Lerik rayonunun tələbatını, eyni zamanda, bütün cənub zonasının enerji təsərrüfatının dayanıqlığını təmin edəcək. Əlbəttə ki, biz, ilk növbədə, Lerik rayonunu etibarlı enerji mənbəyi ilə təmin edəcəyik.

Bu gün biz artıq Lerik şəhərinin içməli su ilə təminatını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq bu layihə icra edildi. Onun icrası üçün çox böyük vəsait ayrıldı və biz buna nail ola bilmişik. İçməli su insan sağlamlığı üçün əsas şərtdir və bundan sonra vətəndaşlar təmiz, ən yüksək standartlara cavab verən içməli su ilə təmin olunacaqlar”.

Prezident vurğulayıb ki, Lerik uzunömürlülər diyarıdır, burada insanlar çox sağlamdırlar: “Dünya miqyasında Lerik haqqında kifayət qədər məlumat var. Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam. Ancaq içməli su layihəsi icra olunandan sonra insanların sağlamlığı daha da yaxşı olacaq. Bu əsas infrastruktur məsələlərinin həlli göstərir ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.

Biz, eyni zamanda, Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni, sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar – bütün bunlar reallıqdır. Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb”.

Dövlət başçısı bildirib ki, kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir: “Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik. Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü Dövlət Proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcəkdir".

Azərbaycan Prezidenti deyib ki, bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir: "Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma – bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır. Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.

Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq. Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq. Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram".

 




  Yayım tarixi :15 Oktyabr 2018   23:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .