XƏBƏR
10:33

  Əli Həsənovun məqaləsi xarici KİV-lərdə geniş maraq doğurub

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsi xarici KİV-lərdə geniş maraq doğurub.


Agyol.az xəbər verir ki, “Rossiya-Onlayn” internet saytı və “Rossiya segodnya” Beynəlxalq İnformasiya Agentliyinin “Rossiya dlya vsex” şəbəkə nəşri, İordaniyanın tanınmış “orobanews” nəşri, Misirin nüfuzlu “AsiyaalYoum” qəzeti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 ildə bütün sahələrdə qazandığı möhtəşəm uğurlar haqqında Əli Həsənovun məqaləsinə yer veriblər.

Əli Həsənovun məqaləsində deyilir ki, İlham Əliyev prezidentliyinin 15 ili ərzində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vətəndaş həmrəyliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. “Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır”, - deyə müəllif qeyd edir.

Məqalədə vurğulanır ki, daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib.

Müəllif yazır: “Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu getdikcə yüksəlib. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb”.

Məqalədə Azərbaycanın iqtisadi sahədə uğurlarından ətraflı bəhs edilir və vurğulanır ki, 15 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib.

Xarici KİV-lər Əli Həsənovun məqaləsinə istinadən vurğulayırlar ki, son 15 ildə Azərbaycanda demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə fəal iştirak edən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il büdcədən vəsaitlər ayrılır. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir.

Azərbaycan Prezidenti köməkçisinin məqaləsində xüsusi qeyd edilir ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

 




  Yayım tarixi :15 Oktyabr 2018   10:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .