XƏBƏR
15:53

  “Paşinyan ilk dəfədir müxalifətin səfərbər olunmuş təzyiqi ilə üz-üzə qalıb”

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

“Ermənistanda siyasi gərginlik artmaqdadır. Xüsusilə ötən gün baş verən hadisə göz qabağındadır. Paşinyanla müttəfiqlik edən “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyaları birləşərək “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər etməsi ölkədəki vəziyyəti o qədər gərginləşdirib ki, hətta Paşinyan bu hadisəyə əks-inqilabın ilk hücumu və əks-inqilabın xalqa müharibə elan etməsi kimi qiymət verib. Hazırda Paşinyanın bu mövqeyini şərtləndirən əsas səbəb onunla bağlıdır ki, artıq onun baş nazir seçilməsi üçün təsir mexanizmləri məhdudlaşmış olur”.

Agyol.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edilməsini şərh edərkən millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, Paşinyan hələ BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı ölkə parlamentindən beynəlxalq ictimaiyyətə şikayət etmişdi: “Demişdi ki, parlamentdə qeyri demokratik yolla seçilmiş insanlar əyləşiblər və ona görə də parlament seçkiləri keçirilməsi aktuallaşıb. Geri döndükdən sonra 2019-cu ilin mayına kimi seçkiləri keçirmək niyyətindən imtina etdiyini ortaya qoyub. İndi də 2018-ci ilin dekabrına qədər parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edir. Bunu görən Respublikaçılar Partiyası “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyaları ilə razılaşma əldə edib və bu prosesin qarşısını almaq üçün addım atıblar. Həmin qanuna düzəlişin əsas mahiyyəti odur ki, Paşinyan istefa verdikdən sonra 2 həftə ərzində baş nazir seçilməlidir. Baş nazirin seçilməsi 2 dəfə baş tutmayacağı təqdirdə parlament buraxılmalıdır. Respublikaçılar Partiyası da hadisələrin analizini nəticəsində bu qərara gəldi ki, Paşinyan istefa verdikdən sonra insanları yenidən küçələrə toplayacaq, parlamentdə dəyişikliklər edəcək və öz istəyinə nail olacaq. Yəni parlamentin buraxılmasına nail olacaq. Bundan sonra dekabr ayına seçkilər təyin edəcək. Bu düzəlişə görə isə parlamentə kənardan təzyiqlər varsa yaxud onun iclas keçirməsinə mane olurlarsa bu halda parlament qərarlar qəbul edə bilməz və qəbul etsə belə onların heç bir hüquqi gücü olmamalıdır”.

Deputat qeyd edib ki, Ermənistanda vəziyyəti gərginləşdirən digər əsas amil isə Paşinyanın özü üçün müttəfiq hesab etdiyi partiyaların Respublikaçılar Partiyasının yanında yer almasıdır: “Bu səbəbdən də Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorların istefası məsələsini gündəmə gətirib və qeyd edib ki, özü də de-fakto istefaya gedir, lakin o, baş nazir vəzifəsini icra edəcək. Bütün bunlar Ermənistanın daxilindəki siyasi prosesləri gərginləşdirir”.

“Paşinyan təxminən 5 aya yaxın olan hakimiyyəti dövründə müxalifətin səfərbər olunmuş təzyiqi ilə ilk dəfədir üz-üzə qalıb”, - deyən E.Nəsirov əlavə edib ki, Azərbaycan ona görə bu hadisələrin gedişatını diqqətlə izləməkdədir: “Bizim üçün maraqlı cəhət odur ki, Ermənistanda məhz bu siyasi oyunlardan istifadə edib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin ləngidilməsi baş verməsin. Bu gərginliyi əlində əsas tutub danışıqlardan imtina edilməsin. Ermənistandakı bu gərginliyin çıxış nöqtəsinin tapılması, aydınlıq gətirilməsi və hər hansı bir müəyyənliyin olması vacib məsələlərdən birinə çevrilib. Əks təqdirdə bu real siyasi böhran fonunda danışıqların aparılması məsələsi artıq sonuncu yerdə dayanmış olur və bu da heç şübhəsiz ki, regionda təhlükəsizlik baxımından çox ciddi problemə çevrilir”.

 




  Yayım tarixi :03 Oktyabr 2018   15:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .