XƏBƏR
15:10

  Elman Nəsirov: Paşinyan əmin oldu ki, onun münaqişənin həllinə dair əvvəlki yanaşması heç bir yerdə qəbul edilmir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev ilə Nikol Paşinyan arasında olan söhbətdən sonra Ermənistanın baş naziri hakimiyyətdə olduğu dörd ay ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tutduğu mövqeyə düzəliş etməyin zəruriliyini dərk etdi. Belə ki, o, hakimiyyətə gəldiyi elə ilk gündən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə bir iddia ortaya qoymuşdu ki, tənzimlənmə prosesində Azərbaycan və Ermənistanla yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası” da iştirak etməlidir. Bu məsələ ilə bağlı dövlətimizin başçısı İlham Əliyev birmənalı şəkildə deyib ki, bu, qeyri-mümkündür, biz bu yanaşmanı rədd edirik.

Agyol.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

Elman Nəsirov deyib: “Dövlətimizin başçısı bildirib ki, münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir, heç bir halda qondarma rejim danışıqlar prosesinə qoşula bilməz. Paşinyan isə bu günlərdə BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı qeyd etmişdi ki, guya Azərbaycanın Dağlıq Qarabağa iddiası var, belə olan halda Azərbaycan tərəfi danışıqları ərazisini iddia etdiyi tərəflə, yəni qondarma rejimlə aparmalıdır. O, eyni zamanda, Dağlıq Qarabağın heç bir halda Azərbaycana verilməyəcəyi ilə bağlı fikirlər də səsləndirmişdi. Düşənbə söhbətindən sonra isə Paşinyanın mövqeyində kifayət qədər ciddi və müsbət dəyişikliyin olduğu diqqəti cəlb edir. Yəqin, bu, onunla bağlıdır ki, Paşinyanın münaqişənin tənzimlənməsi ilə bağlı əvvəlki mövqeyi, ilk növbədə, daxili auditoriyaya ünvanlanmışdı. Yəni, bununla da Paşinyan özünün münaqişənin tənzimlənməsi prosesində tam kompromissiz, güzəştsiz, qətiyyətli siyasətçi obrazını yaratmaq istəyirdi və bu, onun üçün, ilk növbədə, keçirməyə çalışdığı parlament seçkilərində qalib gəlməsi üçün lazım idi. Görünür, Paşinyan getdikcə hakimiyyətin o ağır yükünü çiyinlərində daha yaxşı hiss etməyə başladı. Onun bu qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi ilə bağlı heç bir beynəlxalq dəstək qazana bilmədi. Nə ATƏT-in Minsk qrupu çərçivəsində, nə digər beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, ilk dəfə çıxış etdiyi BMT çərçivəsində də heç bir dəstək almadı. İstisna deyil ki, onun ilk dəfə iştirak etdiyi MDB Dövlət Başçılarının Sammitində də keçirdiyi görüşlər zamanı belə bir dəstək almayıb. Yəqin, Düşənbədə dövlət başçıları ilə apardığı danışıqların gedişində də dərk edib ki, MDB dövləti olaraq Ermənistanın digər MDB dövlətinin ərazisini işğal etməsi, həmçinin münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi qəbuledilməzdir. Paşinyan onu da anlayıb ki, əgər öz mövqeyində dəyişiklik etməsə, belə olan vəziyyətdə danışıqlar baş tutmayacaq. Danışıqlar baş tutmayacağı təqdirdə isə hadisələrin artıq fərqli istiqamətdə inkişafı labüdləşir. Bir az da açıq desək, danışıqlar olmayacağı təqdirdə artıq müharibə olur. Təbii ki, müharibəni ATƏT-in həmsədr dövlətləri istəmir, ümumiyyətlə, müharibənin alovlanması regional təhlükəsizlik üçün çox ciddi bir təhlükə olacaq. Eyni zamanda, həmin müharibədə Ermənistanın məğlubiyyəti məsələləri labüd olur. Bütün bunları təhlil etdikdən və Azərbaycan Prezidenti ilə söhbətdən sonra o, başa düşüb ki, beynəlxalq aləmdə heç bir dəstək qazanmayan iddiasından imtina etməyin vaxtı gəlib çatıb. Söhbət zamanı tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması ilə bağlı razılaşma əldə olunub. Ermənistanın baş naziri bununla bağlı hətta ölkəsinin müdafiə nazirinə, həm də qondarma rejimin “rəhbəri”nə müəyyən göstərişlər də verdiyini bildirib. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, artıq Paşinyan beynəlxalq proseslərə qatıldıqca, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdikcə, bir daha əmin olub ki, onun əvvəlki yanaşması heç bir yerdə qəbul edilmir. Belə olan vəziyyətdə yeganə çıxış yolu odur ki, konstruktiv sülh danışıqlarına getmək lazımdır. Hesab edirəm ki, oktyabr ayında həmsədrlərin regiona səfəri zamanı müzakirə olunacaq əsas məsələ, ilk növbədə, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların təşkili ola bilər”.

 




  Yayım tarixi :02 Oktyabr 2018   15:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .