XƏBƏR
13:41

  Təhsil sistemimiz beynəlxalq standartlara uyğun olaraq irəliləyir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
Azərbaycan Respublikası təhsil nazirinin müavini Məhəbbət Vəliyeva

-  Məhəbbət  xanım, ölkəmizdə artıq yeni tədris ili başlayıb.  Hər il 15 sentyabr  Bilik Günü respublikamızda böyük təntənə ilə qeyd olunur. Bu baxımdan, yeni tədris ili və bu ilə hazırlıq məsələləri ilə bağlı fikirlərinizi bildirməyi xahiş edirik...
- İlk növbədə, yeni tədris ilinin başlanması münasibətilə ölkəmizin təhsil ictimaiyyətini, müəllimləri, şagirdləri və tələbələri, valideynləri təbrik editəm.     Ötən dərs ilində  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.  Prezident İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin 14 avqsut 2018-ci il tarixli əmrinə müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.   Yeni tədris  ilinə hazırlıq çərçivəsində ötən dərs ilinin  nəticələri təhlil olunub  və  yeni hədəfləri  əhatə edən fəaliyyət planı hazırlanıb.  Bu planda  ümumi  təhsilin bütün səviyyələri üzrə təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili qiymətləndirmə, buraxılış imtahanları və ali məktəblərə qəbul qaydalarına şamil olunan yeni konsepsiya, o cümlədən məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində ciddi dəyişikliklər nəzərdə tutulub. Bu dərs ilindən başlayaraq məktəblərdə  həftənin ilk iş günü  Vətənpərvərlik nümunəsi kimi  Dövlət himninin ifası ilə başlayır.  Bu da təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında  təhsil müəssisələri qarşısında duran əsas vəzifədir.  Bu səbəbdən  2018-2019-cu dərs ilinin əsas   prioritetləri arasında milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, fəal vətəndaş mövqeyinin və milli kimliyin  formalaşmasına xidmət edən fəaliyyətlərə xüsusi diqqət yetiriləcək.
Bu il məktəblərin birici sinfinə 165780  uşaq qəbul olunub.   Ümumilikdə isə ümumtəhsil sistemində 1592 317 uşaq  təhsilə başlayıb. Oktyabr ayının 1-dən etibarən məktəblər ölkə üzrə 5 yaşlı uşaqların 75 faizinin məktəbəhazırlıq qruplarında təlimlərinə başlayacaq. Qeyd edim ki, bu dərs ilində birinci siniflərə qəbul olunan uşaqların 65 faizinin məktəbəhazırlıq mərhələsini keçməsi onların məktəb həyatına daha yüksək hazırlıqlı olduğunu deməyə əsas verir ki, bu da öz növbəsində təhsildə keyfiyyət artımına ciddi təsir göstərir. Ümumiyyətlə, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlığın dövlət büdcəsi hesabına təşkil edilməsi təhsilə dövlət qayğısının təzahürü kimi qiymətləndirilməlidir.
Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.  11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.
-  Bildiyimiz kimi, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Bu gün  təhsil sahəsi ilə əlaqədar respublikamızda mühüm islahatlar və dövlət  proqramları həyata keçirilir. Bütün bunların Azərbaycan  təhsilinin dünya təhsil sisteminə inteqrasiyası baxımından nə kimi əhəmiyyəti var?
- Əlbəttə,  müasir reallıqlar şəraitində dünyada təhsilin önəmi durmadan artmaqdadır.  Günü-gündən güclənən rəqabətlilik dövründə ölkələrin inkişafı məhz təhsildən keçir.  İndi təhsil ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirməklə,  cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilib.  Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi “Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklərdir" fikirləri mühüm əhəmiyyət kəsb edir.  Buna görə də  təhsilin keyfiyyətli  inkişafına  xidmət edən  dövlət sənədləri   Azərbaycan təhsil sisteminin yenilənməsi və dünya  təhsil məkanına inteqrasiya olunmasında mühüm aspektdir.  2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və  2018-ci ilin iyununda  “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər təhsilin bütün pillə və səviyyələrinin modernləşməsini,  müasir dövrün hədəfləri  nəzərə alınmaqla keyfiyyətli  inkişafını nəzərdə tutur ki, bu da   milli təhsil sisteminin beynəlxalq cəlbediciliyini artırır.  Mühüm dövlət sənədlərində dün­ya­da da­vam edən ümu­mi in­ki­şaf ten­den­si­ya­la­rı­na uy­ğun ola­raq, öl­kə­miz­də də yük­sək tex­no­lo­gi­ya­la­ra əsas­la­nan iq­ti­sa­diy­ya­tın for­ma­laş­dı­rıl­ma­sı qar­şı­ya məq­səd ki­mi qo­yu­lub.  Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la hə­ya­ta ke­çi­ri­lən iq­ti­sa­di stra­te­gi­ya­nın əsas prio­ri­tet­lə­rin­dən bi­ri­ bi­lik iq­ti­sa­diy­ya­tı­nın for­ma­laş­dı­rıl­ma­sı, təh­sil, elm və in­no­va­si­ya ara­sın­da ef­fek­tiv qar­şı­lıq­lı əla­qə­nin ya­ra­dıl­ma­sıdır.  Se­vin­di­ri­ci hal­dır ki, təh­sil sis­te­mi­miz bey­nəl­xalq stan­dart­la­ra uyğun olaraq irə­li­lə­yir və dün­ya öl­kə­lə­ri­nin qa­baq­cıl təc­rü­bə­sin­dən da­ha çox bəh­rə­lə­nir.  Ali məktəblərimizdə el­mi fəa­liy­yə­tin sti­mul­laş­dı­rıl­ma­sı ilə bağ­lı hə­ya­ta ke­çi­ri­lən mühüm tədbirlərdən biri kimi,  dün­ya­nın ta­nın­mış el­mi-ana­li­tik in­for­ma­si­ya tə­mi­nat­çı­sı olan "Cla­ri­va­te Analy­tics" ("Thom­son Reu­ters") şir­kə­ti ilə 2015-ci il­dən baş­la­nan uğur­lu əmək­daş­lı­q öz müs­bət nə­ti­cə­lə­ri­ni ver­ib və artıq  universitetlərimizin bu istiqamətdə fəallığını müşahidə olunur.  Ümumi təhsil pilləsində beynəlxalq monitorinqlərin keçirilməsi də  təhsilimizdə beynəlxalq aspektin güclənməsinə dəlalət edir.  Ölkəmizin PİRLS-2016 tədqiqatının nəticələri 2011-ci il ilə müqayisədə yaxşılaşmışdır. Ötən dərs ilində PİSA-2018 tədqiqatı keçirilib, nəticələri isə 2019-cu ildə açıqlanacaq. 2019-cu ildə Azərbaycan məktəbliləri TİMSS beynəlxalq qiymətləndirməsində iştirak edəcək. Şagirdlərimizin   iştirak etdiyi beynəlxalq tədqiqatların  əhəmiyyətli nəticələri     yeni proqramla, kurikulumla oxuyan uşaqların ənənəvi proqramla təhsil alan həmyaşıdlarından daha üstün bacarıqlara yiyələndiyini deməyə əsas verir. Məhz beynəlxalq qiymətləndirmədə davamlı iştirakımız ölkə təhsilinin beynəlxalq standartlara  uyğunluğunu, onun müasir dünyada yerini və səviyyəsini obyektiv təyin etməklə yanaşı gələcək prioritetləri və hədəfləri  müəyyənləşdirmək üçün ciddi əsas sayılır. 
- Ölkəmizdə insan kapitalının inkişafı da mühüm strateji prioritetlərdən biri kimi müəyyənləşdirilib. Şübhəsiz ki, təhsil bu strateji hədəfə çatmaq üçün ən əhəmiyyətli vasitədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr hansı səviyyədədir?
-  Məlumdur ki,  müasir dövrdə  hər hansı bir ölkənin  inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir.  Bu da bir reallıqdır ki, hazırda öz maddi resurslarını ən səmərəli vasitələrlə və qısamüddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğur əldə edir.  Bir sıra ölkələr  öz dövlət strategiyalarında məhz insan kapitalının hərtərəfli formalaşmasına, parlaq zəkaların inkişafına  diqqət yetirir ki, bu da ölkəyə böyük gəlirlər gətirməklə bugünkü inkişaf səviyyəsini təmin edir.  Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” fikirləri ölkə qarşısında həlli vacib vəzifələrin icrasını qoyur.  Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan  təhsilin payına düşür.  Məhz təhsil biliklər iqtisadiyyatının  inkişafına yol açmaqla  insan kapitalının formalaşmasını və  rəqabət dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini  şərtləndirir. Bilik iqtisadiyyatı məhz insan faktorunu önə çəkir.    2013-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış  "Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, əsas hədəflərimizdən biri təhsilin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələbələrinə cavab verən məzunlar  yetişdirməkdir.  Qlobal inkişafa nail  olmaq üçün  insan kapitalının rolu çox vacibdir.  Bu səbəbdən də  təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər təhsildə  insan kapitalının  keyfiyyətinə təsir edən başlıca amillərdir.   Ötən dərs ilində tədrisin təmayüllər üzrə təşkili,  pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi,  müəllimlərin diaqnostik qiymətləndirilməsi,  işə qəbulun mərkəzləşdirilmiş qaydada elektron sistemlə aparılması,  təhsil sisteminə yeni, gənc  müəllimlərin cəlb olunması,  regionlarda məktəb infrastrukturunun  yaxşılaşdırılması, peşə təhsili sahəsində aparılmış uğurlu fəaliyyət, şagirdlərin rəqəmsal savadlılığının artırılması üzrə pilot məktəblərin təşkili, respublika və beynəlxalq olimpiadalarda iştirakın əhatə dairəsinin genişləndirilməsi ümumən  insan kapitalının formalaşmasında mühüm  əhəmiyyət kəsb edib. Bu fəaliyyət növbəti dərs ilində də davam etdiriləcək.
- Azərbaycan Respublikasında təhsil sahəsi ilə əlaqədar qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir. Bu baxımdan, ölkə parlamentində «Təhsil haqqında» qanunla yanaşı sahəvi qanunlar da (məsələn, «Peşə təhsili haqqında», «Məktəbəqədər təhsil haqqında», «Ümumi təhsil haqqında» qanunlar)  hazırlanmasının önəmi haqqında nə deyə bilərsiniz?
- Təbii ki, ötən dərs ilinin uğurlu nəticələrinə təsir edən amillərdən danışanda təhsil sistemində qanunvericilik bazasının möhkəmləndirilməsi  amilindən də bəhs etməliyik.   İlk növbədə,   cari ilin iyununda qəbul olunan  “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri qeyd etmək istərdim.  Təhsil sistemimizin növbəti illərdə uğurlu inkişafına təsir edəcək bu sənəd təhsilin bütün pillə və səviyyələrini əhatə edir.  Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub.   “Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. Dəyişikliyi zərurətə çevirən amil isə  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesində bir çox yeniliklərin tətbiqi ilə bağlıdır.  Ən böyük dəyişiklilərdən biri   6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarında edilib ki,  bu da valideynlər tərəfindən razılıqla qarşılanıb.  Bu vaxta qədər  6 yaşı sentyabrın 15-dən sonra tamam olanlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular. Hazırki dəyi.ikliyə əsasən bu məhdudiyyət aradan qaldırılıb. Digər mühüm  dəyişikliklərdən biri  beynəlxalq fənn,  respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır ki, bu da istedadlı gənclərin olimpiadalara olan marağını artıracaq. Bundan başqa,  qanuna əsasən dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılacaq,  bu,   müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafını nəzərdə tutur.
Məlumdur ki,  iqtisadiyyatın müasir şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması,  işəgötürənlərin tələblərinə cavab verən peşəkar mütəxəssis hazırlığı, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması bu sahəyə diqqətin artmasına səbəb olub.  Ötən tədris ilində ilk dəfə olaraq bu sahənin inkişafına böyük təkan verən “Peşə təhsili haqqında” qanunun qəbul olunması,  2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzinın yaradılması mühüm yeniliklərdən oldu. 2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.  Qəbulun "ASAN Peşə" çərçivəsində keçirilməsi prosesin şəffaflığını artırıb, əhatə dairəsini genişləndirib.
Qeyd edim ki, yeni qanunvericilik təşəbbüsləri  ölkəmizdə təhsilin əlçatanlığının təmin edilməsinə,  daha keyfiyyətli insan kapitalının formalaşdırılmasına,  təhsilin məzmumun yaxşılaşdırılmasına,  bütövlükdə isə  təhsil sistemimizin inkişafına mühüm  töhfələr verəcək.  
- Məhəbbət xanım, məlumdur ki, son illər ölkəmizdə təhsil infrastrukturu da əhəmiyyətli dərəcədə yenilənib. Hazırda bu istiqamətdə hansı işlər görülür?
- Hər bir uğurlu  təhsil sistemi modern təhsil infrastrukturuna əsaslanır. Bu mənada ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb.  Ölkəmizdə təhsilin  inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Meysəri kənd tam orta məktəbinin yeni binasının və İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışlarında iştirak ediblər.  Bundan əlavə,  Bakı və onun qəsəbələrində bir neçə məktəb binası  yenidənqurmadan və təmirdən sonra istifadəyə  verilib. Respublikanın bir sıra rayonlarında yeni məktəb binaları inşa olunub.  Məktəblər yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Qeyd edilməlidir ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək.  
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Təhsil Nazirliyi regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib. Nəticədə təhsilin inkişaf dinamikasında regionların göstəriciləri əhəmiyyətli dərəcədə artıb ki, bu da ötən tədris ilinin mühüm nəticələrindən hesab oluna bilər. Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilib.
Şübhəsiz ki, ölkə təhsili üçün ən əhəmiyyətli prioritet keyfiyyətli təhsil təminatının davamlılığına nail olmaqdır. Bu gün təhsil ocaqlarımızda yaradılan müsbət mənəvi-psixoloji mühit, təhlükəsiz iş şəraiti, yaradıcı fəaliyyət atmosferi, rəhbər işçilərin və müəllimlərin vəzifə funksiyalarına məsuliyyətli münasibəti, məktəb-valideyn əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, şagirdlərə diqqət, qayğı, məhəbbətlə yanaşılması, ən başlıcası isə hər bir uşağa onun gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün gərəkli şəxsiyyət olacağı düşüncəsinin aşılanması keyfiyyətli təhsilin əsasını təşkil edir.
Qeyd edim ki, Prezident İlham Əliyev tərəfindən 5 il əvvəl təsdiq edilən  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi yeni dərs ilində də təhsilin yol xəritəsi kimi daim diqqətdə saxlanılacaq.




  Yayım tarixi :02 Oktyabr 2018   13:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .