XƏBƏR
15:04

  Qurban Qurbanov: Belə turnirlərdə iştirak Azərbaycanın tanınması baxımından böyük addımdır

Gündəm

Xəbər lenti
Belə turnirlərdə iştirak Azərbaycanın tanınması baxımından böyük addımdır.

Agyol.az xəbər verir ki, bunu Avropa Liqası çərçivəsində Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşmadan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov qeyd edib: "İlk oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun olacaq. Üstünlük “Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik. Hər bir halda, rəqibi yaxından tanımışıq, düşünürəm ki futbolçular meydanda əlindən gələni edəcək".
Baş məşqçi 10 ildir bu komandada olduğunu xatırladıb: "Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdır. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün də böyük addımdır. Bu klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha da çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın bölgəsidir".
Xatırladaq ki, "Sportinq" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da Lissabonun "Joze Alvalade" stadionunda keçiriləcək.




  Yayım tarixi :20 Sentyabr 2018   15:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .