XƏBƏR
14:07

  Müslüm Maqomayevin 76 illiyi qeyd olunacaq

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

17 avqust 2018-ci il tarixində saat 17.00-da Birinci Fəxri Xiyabanda SSRİ Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcəkdir.

 

Agyol.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.         

                            

Müslüm Maqomayevin yaradıcılığı  Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilmişdir. Sənətə vurğunluğu,  dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan  ifaçılıq sənətinin  bir növ rəmzi kimi tanıtmışdır. Azərbaycan xalqına  bağlı olan Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.  

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olmuşdur. Onun babası Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq və dirijorluq məktəbinin qüdrətli sənətkarlarından biridir. O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirmişdir.

Gözəl və gur tembrli səsə, parlaq aktyorluq istedadına, səhnə görünüşünə malik vokalçı gənc yaşlarından diqqəti cəlb etmiş və təhsilini 1964-1965-ci ildə İtaliyanın Milan şəhərində məşhur “La Scala” teatrında davam etdirmişdir.

1963-cü ildən Azərbaycan Dövlət Akademik  Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirmişdir.

Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar,  Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq  məhəbbəti qazanmışdı. 

Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq Mahnı Müsabiqəsində, Kannda keçirilən “Qızıl val” müsabiqəsində birinci mükafata və laureat adına layiq görülmüşdür. Müslüm Maqomayev unikal sənətkarlardandır ki, ona Parisin məşhur “Olimpiya” zalında solo konsertlə çıxış etmək nəsib olmuşdur. 

Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və bir çox başqa ölkələrdə böyük uğurla çıxış etmişdir. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlərin, Mədəniyyət Günlərinin, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olmuşdur.

Müslüm Maqomayev haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilmiş, müğənni özü “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin özünəməxsus, yaddaqalan obrazını yaratmışdır. O, bir sıra populyar mahnıların müəllifi kimi də tanınmışdır.  Onun müəlifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım” nəğmələri Azərbaycan estrada mahnısı irsinin parlaq nümunələri kimi daim səslənir.                 

M.Maqomayev 1973-cü ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüş, 1997-ci ildə “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunmuşdur. O, Prezident təqaüdçüsü idi. 

 




  Yayım tarixi :16 Avqust 2018   14:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .