XƏBƏR
11:10

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir

Gündəm

Xəbər lenti

“Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir.


Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir”.


                   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

                   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik

                   yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivinə

                   ünvanladığı təbrik məktubundan

 

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 20 illik yubileyi tamam olur. XX əsrin 90-cı illərində Azərbaycan çətin dövrdən keçərək dövlət müstəqilliyini bərpa etmiş, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin təşəkkülü mümkün olmuş, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını qəbul etməklə ölkəmiz ümumbəşəri dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini bütün dünyaya nümayiş etdirmişdir. 

Konstitusiyanın qəbulundan keçən illər ərzində Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını məhz Əsas Qanunda əksini tapan demokratik, hüquqi, sosial dövlət ideyası təşkil etmiş, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət aparılmışdır.

Bəşəriyyətin uzun illər ərzində nail olduğu əhəmiyyətli dəyərlərdən olan insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların həyata keçirilməsi mexanizmlərinin geniş şəkildə təsbit olunması müstəqilliyinə yenicə qovuşmuş dövlətin Konstitusiyasının əldə etdiyi ən mühüm nailiyyətlərdən idi. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də geniş hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.

Konstitusiyanın Azərbaycanın hüquq sisteminə gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan institutun – konstitusiya nəzarəti orqanının yaradılması olmuşdur.

Müasir dünyada konstitusiya nəzarəti institutu hüququn aliliyinin təmin edilməsinin, hakimiyyət sisteminin demokratikləşdirilməsinin, habelə insan hüquq və azadlıqlarının müdafiə olunmasının etibarlı mexanizmlərindən biri kimi qəbul edilir.

Qeyd edilməlidir ki, Konstitusiyada Konstitusiya Məhkəməsinin dövlət orqanları sistemində yeri və rolu, habelə səlahiyyətlərinin dairəsi müəyyənləşdirilmişdir. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və 4 gün sonra ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamış oldu. Bu baxımdan ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, konstitusiya nəzarəti orqanının real fəaliyyətə başlaması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsində məhz xalqımızın Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır.

Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti vasitəsilə, ilk növbədə, qanunvericilikdə nəzərdə tutulmuş Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədini həyata keçirir. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilmir.

Konstitusiya Məhkəməsi bəzən müvafiq sorğu əsasında normativ hüquqi aktların Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması səlahiyyətini həyata keçirərkən məsələnin tənzimlənməsinin və hüquq tətbiqetmə təcrübəsinin birbaşa istiqamətləndirilməsinin zəruriliyi qənaətinə gələrək qanunvericiliyin müvafiq normalarını şərh edir.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərh edilməsidir. Konstitusiya Məhkəməsi normativ hüquqi aktın rəsmi şərh edilməsinin qanunvericilikdə konkret hüquqi təcrübənin formalaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində hər hansı normanın təcrübədə düzgün tətbiqini müəyyənləşdirir. Normativ hüquqi akt şərh edilərkən onun normalarının məzmunu izah edilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh nəticəsində, eyni zamanda, hüquqi tənzimetmə sahəsində mövcud boşluqlar aradan qaldırılaraq qanunvericilik normaları ictimai münasibətlərin hüquqi tənzimetmədən kənar qalmış hissəsinə də konstitusiya prinsipləri nəzərə alınmaqla tətbiq olunur. Qanunvericilik normalarının rəsmi şərhi nəticəsində hüquq tətbiqetmə təcrübəsi vahid qaydada istiqamətləndirilərək ölkəmizin hüquq sisteminin inkişafı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi üçün əhəmiyyətli şərait yaradılır.

Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətini ümumi təhlil edərkən qeyd olunmalıdır ki, Plenum tərəfindən qəbul edilmiş 374 qərardan 347-si insan hüquqları və azadlıqlarının qorunmasına yönəlib. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş mühüm əhəmiyyət kəsb edən qərarlardan 153-ü qanunların şərh edilməsi, 3 qərar isə Konstitusiyanın müvafiq maddələrinin şərh edilməsi ilə bağlı olmuşdur.

Azərbaycan dövləti insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit edərək öz fəaliyyətində insan amili, insan hüquqlarının müdafiəsinin vacibliyi və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirir. Azərbaycanda davamlı həyata keçirilən demokratikləşmə prosesləri və ölkəmizin Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi insan hüquqları və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsini və müvafiq konstitusiya islahatlarının aparılmasını zəruri etmişdir.

Konstitusiya dövlət və cəmiyyətin həyatında əsas qanun mövqeyi daşımasına baxmayaraq, qloballaşan dünya tələbləri, ölkədə gedən ictimai inkişaf və sosial-iqtisadi dəyişikliklər Konstitusiyanın mətnində də dövrün nəbzinə uyğun dəyişikliklərin edilməsini tələbata çevirir. Qəbul edildiyi gündən etibarən Konstitusiyanın mətninə 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsvermələri nəticəsində əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir. Konstitusiyaya edilmiş dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmişdir.

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilməklə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilmiş, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və fərdi şəxslər Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişlər.

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa olunması məqsədilə şikayət vermək hüququ əldə etdi. Bununla da, konstitusiya şikayəti üzrə ərizəçilər öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməklə yanaşı, Konstitusiya Məhkəməsi insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı qazandı. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Konstitusiyanın 130-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş “hər kəs” ifadəsi yalnız Azərbaycan Respublikasının vətəndaşlarını deyil, eyni zamanda, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Konstitusiya Məhkəməsinə müraciət etmək imkanını təsbit etdi. Qeyd edilməlidir ki, bu, çox mütərəqqi və yalnız hüquqi dövlətə xas olan bir yanaşmadır. Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi illər ərzində xarici vətəndaşlar tərəfindən də Məhkəməmizə birbaşa şikayətlər verilir, bu şikayətlər qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində araşdırılaraq müvafiq qərarların qəbul edilməsi ilə nəticələnir.

Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində, həmçinin İnsan hüquqları üzrə müvəkkil (ombudsman) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından sorğu vermək, məhkəmələr isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərhi ilə əlaqədar müraciət etmək hüququ əldə etmişlər.

Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Məhkəmələrin müraciətlərində hüququn müxtəlif sahələrini əhatə edən məsələlərə dair qanunvericilik müddəalarının şərhi, hər hansı normativ hüquqi aktın normasının düzgün tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması və mövcud təcrübənin vahid istiqamətdə formalaşdırılması ilə bağlı vacib məsələlər yer almaqdadır. Bu da onu göstərir ki, məhkəmələr insan hüquqlarının həyata keçirilməsinin əhəmiyyəti və məsuliyyətini dərindən dərk edərək yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmasında Konstitusiya Məhkəməsinin mövqeyini əldə etməklə ədalətli qərarlar qəbul edilməsinə nail olmağa çalışırlar.

2002-ci il ümumxalq səsverməsi və Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin etibarlı formalarından birini təşkil edir və Əsas Qanunun normalarının birbaşa tətbiq edilməsi baxımından olduqca əhəmiyyətlidir. Fərdi şikayətlər əsasında qəbul edilmiş qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, konkret hüquqların həyata keçirilməsi ilə bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.

Konstitusiyanın 130-cu maddəsində nəzərdə tutulan səlahiyyətləri ilə yanaşı, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada yoxlayır və təsdiq edir, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edir, Konstitusiyanın mətninə təklif olunan dəyişikliklərə dair əvvəlcədən rəy verir, habelə Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Bu il, həmçinin ölkəmizin siyasi həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri keçirilmiş və dövlətimizin başçısı cənab İlham Əliyev böyük səs çoxluğu ilə inamlı qələbə qazanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2018-ci il 17 aprel tarixli Qərarla Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlər nəzərdən keçirilərək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmən elan edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi son qərarlardan biri “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərardır. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunda qaldırılan məsələlərin vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əhəmiyyət kəsb etdiyini və insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəldiyini nəzərə alaraq, iddianın təmin olunması ilə bağlı mülki prosessual qanunvericiliyin bir sıra normalarının şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıdığını, məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasının bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz etdiyini qeyd etmişdir.

Qərarda göstərilmişdir ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasında iddianı təminetmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təminetmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

M.Əzizovun şikayəti üzrə 2018-ci il 30 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən birinin apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarət olduğunu bir daha vurğulamışdır. Digər tərəfdən, Plenum qeyd etmişdir ki, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

Konstitusiya Məhkəməsinin Plenumu preyudisiallığın məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olduğunu göstərmişdir. Qərarda qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir.

N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

Həmin Qərarda qeyd edilmişdir ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də, mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir.

Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli mühüm Qərar qəbul etmişdir. Məlum olduğu kimi, məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmət və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı qəbul edilmişdir. Həmin Sərəncamda bir sıra kateqoriya cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə edilməsi və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi, azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması və şərti məhkumetmə institutunun daha geniş tətbiq edilməsi ilə əlaqədar mühüm məsələlər yer almışdır. Dövlətimizin başçısının imzaladığı bu Sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsinin ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək dövlətimizin demokratik dəyərlərə daimi sadiqliyini bir daha nümayiş etdirdi.

Sərəncamın icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 nömrəli Qanunu qəbul olunmuş və həmin Qanun ilə Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir çox maddələrinə, o cümlədən Məcəllənin 177-ci maddəsinə və onun “Qeyd” hissəsinə dəyişikliklər edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyə edilmiş son dəyişiklikləri və ictimai münasibətlərin kifayət qədər dinamikliyini nəzərə alaraq, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin tətbiqi ilə bağlı vahid hüquqi təcrübənin formalaşdırılması məqsədilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci və 3-cü bəndlərinin şərh edilməsinə dair” Qərarında əhəmiyyətli nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici Konstitusiya ilə ona verilmiş səlahiyyətdən istifadə edərək ədalət prinsipinin təmin olunması məqsədilə Cinayət Məcəlləsinin 177.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarda oğurluğun, o cümlədən təkrar oğurluğun təhlükəlilik dərəcəsini və belə əməlləri törədən şəxslərin ictimai təhlükəliliyini nəzərə alaraq, həmin əməllərə görə daha sərt cinayət məsuliyyəti müəyyən etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.

Bakı Apellyasiya Məhkəməsinin digər müraciəti əsasında qəbul edilmiş “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə ləğvetmə mərhələsində olan banklara qarşı verilmiş qeyri-əmlak xarakterli və ya qarışıq iddialara mahiyyəti üzrə baxılmasının mümkünlüyü barədə qeyri-müəyyənlik yarandığını və nəticədə eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edildiyini, hüquqi müəyyənlik prinsipinin pozulduğunu nəzərə alaraq müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlmişdir ki, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əməkhaqqı ilə bağlı tələblər Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Qərarda, həmçinin qeyd olunmuşdur ki, müflis elan edilmiş bankın işçilərinin əməkhaqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.

Konstitusiya Məhkəməsinin qərarları dövlətin və cəmiyyətin inkişafının konstitusiya-hüquqi tənzimlənməsinə, qanunvericiliyin Konstitusiya dəyərlərinə və prinsiplərinə uyğun inkişaf etdirilməsinə əhəmiyyətli təsir göstərir. Konstitusiya Məhkəməsinin qərarlarında Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir və bu mənada həmin qərarlar yalnız məhkəmələr deyil, hüquq tətbiqedici orqanlar üçün əhəmiyyətli mənbə qismində çıxış edir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bəzən baxdığı işlərdə, həmçinin müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsinə və əlavə tədbirlərin görülməsinə dair təkliflər və tövsiyələr verir. Konstitusiyanın aliliyinin, vətəndaşların qanuni maraqlarının, hüquq və azadlıqlarının müdafiəsində dayanaraq Konstitusiya Məhkəməsi dəfələrlə müvafiq hakimiyyət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə və Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsinə dair tövsiyələrlə çı




  Yayım tarixi :14 Iyul 2018   11:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .