XƏBƏR
14:05

  Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Mərkəzi Ordu İdman Klubunun komandası çempionatı 2-si qızıl, 3-ü gümüş, 6-sı bürünc olmaqla 11 medalla başa vurub

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının sonuncu günündə - mayın 19-da Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) üç idmançısı medallar uğrunda mübarizə aparıb.

Agyol.az xəbər verir ki, hərbçi idmançılarımızdan Həsən Əliyev (77 kq) qızıl, Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) bürünc medal uğrunda yarışıblar.

Final görüşündə rusiyalı idmançı Çingiz Labazanov ilə qarşılaşan Həsən Əliyev rəqibini 5:2 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bu, Həsən Əliyevin ikinci dünya çempionluğudur. İdmançımız ilk dəfə 2016-cı ildə Makedoniyada dünya çempionu adını qazanıb.

Rafiq Hüseynov (82 kq) bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi R.Şvarts üzərində 5:2 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

İslam Abbasov da üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşıb. Qarşılaşmada yüksək peşəkarlıq nümayiş etdirən İ.Abbasov rəqibi M.Remenspergeri böyük hesabla (8:1) məğlubiyyətə uğradaraq çempionatın bürünc medalını MOİK komandasının aktivinə yazdırıb.

Beləliklə, MOİK-in komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatını 11 medalla başa vurub. Medallardan 2-si qızıl, 3-ü gümüş, 6-sı isə bürüncdür.

Dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları olub.




  Yayım tarixi :19 May 2018   14:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .