XƏBƏR
10:18

  Yaponiyalı müğənni: Xalqınızın Heydər Əliyevə böyük sevgi və hörmətinin şəxsən şahidi oldum

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Bakıya budəfəki səfərim zamanı Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə böyük sevgisinin və hörmətinin şəxsən şahidi oldum.

Agyol.az xəbər verir ki, bu sözləri müsahibəsində tanınmış yapon müğənnisi Kyoko Yamamoto deyib.

Azərbaycana son səfərinin onda böyük təəssürat doğurduğunu qeyd edən K.Yamamoto bildirib ki, məqsəd ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək idi.

Ölkəmizi bir neçə dəfə olduğunu xatırladan xanım K.Yamamoto bildirib ki, Azərbaycanı çox sevdiyi üçün budəfəki dəvəti də həm böyük sevinc, həm də qürur hissi qarşılayıb. K.Yamamoto deyib: “Heydər Əliyev Beynəlxalq Aeroportunda çox böyük hörmətlə qarşılandım. Sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş ifaçıların və yapon iş adamlarının qatıldığı tədbirdə iştirak etdim. Dəfələrlə Bakıda olmağıma baxmayaraq, Xətai rayonundakı Heydər Əliyev parkında yerləşən “Yapon bağı”nı ilk dəfə gördüm. Xətai rayonunun Yaponiyanın şəhərləri ilə regional əməkdaşlığa can atması xəbəri də məni çox sevindirdi. Bütün bunlar Azərbaycan ilə Yaponiya arasında sıx dostluq əlaqələrinin qurulduğunu birbaşa təsdiq edir”.

Mayın 9-da təşkil olunan konsertdə çıxışı barədə məlumat verən K.Yamamoto bildirib ki, burada iki yapon mahnısını və “Sarı gəlin”i Azərbaycan dilində ifa edib. Repertuarında Azərbaycan mahnılarına həmişə məmnunluqla yer ayırdığını qeyd edən K.Yamamoto bildirib ki, konsertə hazırlıq mərhələsi onun üçün çox çətin olsa da, bunu zövqlə edib. Konsertdən öncə təşkil olunun şam yeməyində Azərbaycan dilində öyrəndiyi “Yaşa Azərbaycan!” ifadəsini isə digər həmkarlarına da öyrədib. O deyib: “Bu ifadəni birlikdə səsləndirməyimiz həm tədbirin təşkilatçıları, həm də iştirakçılar tərəfindən böyük sevinclə qarşılandı”.

Bayram şənliyi və konsert haqqında təəssüratlarını bölüşən K.Yamamoto bildirib ki, ilk dəfə xalqın öz liderinə belə sonsuz məhəbbətinin və hörmətinin şahidi olub: “Konsertdə çıxışa Azərbaycan dilində “Sizi görməyimə çox şadam” sözləri ilə başladım. Bu, bizi izləyən kütlə tərəfindən maraqla qarşılandı, amma sonra dediyim “Sizi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə təbrik edirəm” sözlərim böyük alqışa səbəb oldu. Budəfəki ziyarətim zamanı xalqınızın ümummilli lider Heydər Əliyevə olan böyük sevgisinin və hörmətinin şəxsən şahidi oldum. Bu böyük şəxsiyyətin yubileyini bütün xalq təmtəraqla qeyd edirdi. Bu məqsədlə təşkil olunan konsertdə oxumaq mənim üçün böyük şərəf idi”.

Azərbaycana son səfərinin hələ uzun müddət onun xatirələrində qalacağını vurğulayan K.Yamamoto bildirib ki, gələcəkdə də bu gözəl ölkəyə səfər edərək, konsertlər vermək niyyətindədir.




  Yayım tarixi :18 May 2018   10:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .