XƏBƏR
08:41

  Paşinyan çətin durumda-erməni baş nazir aksiyaçılara çağırış etdi

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Politoloq: “Artıq verilən vədləri həyata keçirmək vaxtı çatıb”


Baş nazir postunu ələ keçirməkdən ötrü Ermənistanda bir ay ərzində kütləvi itaətsizlik aksiyalarına çağırışlar edən və sonda məqsədinə çatan Nikol Paşinyan indi özü çətin duruma düşüb. Belə ki, baş nazir postuna seçilməsindən heç iki həftə keçməmiş Ermənistanda kütləvi aksiyaların yenidən davamlı xarakter alması Paşinyanı ciddi şəkildə narahat edib.


Agyol.az xəbər verir ki, Ermənistanın baş naziri mayın 17-si, saat 15.00-dan etibarən ölkədə itaətsizliklə bağlı bütün aksiyaları dayandırmağa çağırıb.
N.Paşinyan bununla bağlı feysbuk səhifəsində yazıb. Baş nazir aksiyaçıları bütün yolları açmağa, vətəndaş itaətsizliyinə son verməyə və məsələləri qanuni yollarla həll etməyə çağırıb. Paşinyan bildirib ki, vətəndaşlar öz şikayətlərini məktubla, yaxud bir neçə nəfərin müraciəti ilə çatdıra bilərlər. Hakimiyyət təcrübəsi olmayan N.Paşinyanın çox tezliklə lokal aksiyalardan narahat olması diqqət çəkir. Dünənə qədər “demokratik qaydalar”ı əsas gətirib işğalçı ölkənin onsuz da bərbad vəziyyətdə olan həyatını iflic hala salmış baş nazir narahatdır ki, yüzlərlə insanın keçirdiyi aksiya bir gün çoxminli etirazlara çevrilə və onun hakimiyyətinə son qoya bilər. Qeyd edək ki, erməniləri İrəvanda ağacların kütləvi şəkildə kəsilməsi ilə əlaqədar İrəvan merinin istefasını tələb edir. Bundan əlavə, taksi sürücüləri qanunsuz tələblərə etiraz olaraq, Araratdakı sement zavodunun fəhlələri isə maaş azlığı səbəbindən ayağa qalxıb. Eyni zamanda “Sosna Tser” qruplaşmasının həbsdə olan üzvlərinin azadlığa buraxılması tələbilə də etirazlar davam edir.


Politoloq Arzu Nağıyev bildirib ki, “İrəvanda qarışıqlığın olması təbiidir: “Çünki öz havadarlarından və ya digər dəstəkçilərindən “xeyir-dua”alan Paşinyanın dəqiq iqtisadi, siyasi və ya hərbi planları olmaması faktdır.
Bir müddət əvvəl kütlə psixologiyasına uyğun olaraq verdiyi açıqlamalara uyğun şəkildə, artıq verilən vədləri həyata keçirmək vaxtı çatıb. Göründüyü kimi baş nazir seçildikdən sonra o, kadr siyasətindən tutmuş, digər bütün istiqamətlərdə səhvlər etməyə başlayıb”.
A.Nağıyev İrəvan başda olmaqla, Ermənistanın bir sıra ərazilərindəki qarışıqlığın davamlı xarakter alacağına şübhə etmir: “Çünki Paşinyan bir müddət əvvəl verdiyi “siyasi dustaq”larla bağlı vədi yerinə yetirə bilmir, hətta bu zəmində baş prokurorla da fikirayrılığı yaranıb. Prokuror təkid edir ki, siyasi dustaq yoxdur, siyasətlə məşğul olan şəxslərin törətdiyi cinayətlərə görə həbslər olub. Kütlə isə tələb edir ki, onlar azad edilsinlər, çünki Paşinyan bunu mitinqlərdə mütəmadi olaraq elan edirdi. İndi isə onun özü bu kateqoriya insanları dərhal deyil, məhkəmə yolu ilə azad etməyi təklif edir, təbii ki, bu da onu baş nazir kürsüsünə əyləşdirən kütlənin xoşuna gəlmir və razı salmır. Bu, Paşinyanın üzləşdiyi ilk maneədir”.
Politoloq Kremlin də bu hadisələrə biganə olmadığını vurğuladı: “Təbii ki, Rusiya bu prosesləri izləyir və baş verənləri nə qədər Ermənistanın daxili problemləri saysa da, özü üçün mühüm nəticələr çıxarır. Təhlillər göstərir ki, Paşinyanın bu səhvi digər sferalarda da təkrarlanacaq və sonu doğrudan da ağır nəticələrə gətirib çıxaracaq. Əgər hazırki durum davam etsə, o hətta parlament seçkilərini də bir naşılıqla uduza bilər. Serj Sərkisyan və onun komandasının da istəyi budur. Bir müddət əvvəl sabiq prezident Levon Ter-Petrosyan və digərləri də Paşinyanın apardığı siyasəti kəskin tənqid edib. Bütün bunların Ermənistanda dərin böhrana gətirib çıxaracağı istisna deyil”.
Yeri gəlmişkən, N.Paşinyanı seçən parlament çoxluğu da hər an ona qarşı etimadsızlıq məsələsini qaldıra bilər. Təbii ki, bu, bir müddət sonra olacaq. Hələ ki, S.Sərkisyanın başında dayandığı hakim Respublikaçılar partiyası zövqlə Paşinyana qarşı etirazları izləyir. N.Paşinyan özü isə erməni jurnalistlərin sualına cavabında deyib ki, S.Sərkisyanla görüşmək fikrində deyil. Bu mənada Sərkisyan hər an Paşinyana sürpriz hazırlaya bilər.

 




  Yayım tarixi :18 May 2018   08:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .