XƏBƏR
15:34

  Prezident: Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə islahatlarımızın müsbət təsirini görəcəklər

Gündəm

Xəbər lenti
18 May 11:33Neft bahalaşıb
18 May 09:39Laçınsız 26 il

Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə islahatlarımızın müsbət təsirini görəcəklər.

Agyol.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir.

Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”.

İlham Əliyev vurğulayıb ki, bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir: “Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.

Prezident bildirib ki, sahibkarlığın inkişafı sürətlə gedib: “Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq”.

 


 


  Yayım tarixi :18 Aprel 2018   15:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .