XƏBƏR
11:54

  İlham Əliyev: KİV milli maraqlarımızı hər şeydən uca tutmalıdır

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb.

Agyol.az ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına müraciətində bildirib.

“Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat-hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub” - deyə, qeyd edən ölkə prezidenti müraciətində vurğulayıb ki, Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin birinci qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər.

Müraciətdə qeyd olunur ki, ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış etmiş, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib:

“Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanmışdır. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirməsi bunun əyani sübutudur”.

Prezident müraciətində oun da qeyd edib ki, hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir:

“Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir.

Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycanın kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir.

İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək.

Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm cansağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

 




  Yayım tarixi :10 Mart 2018   11:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .