XƏBƏR
20:58

  İlham Əliyev Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik etdi

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Prezident İlham Əliyev Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.


Təbrikdə deyilir: "Hörmətli xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər arzulayıram.

 

Agyol.az xəbər verir ki, sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri vardır. Ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir.

Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olmuşlar.

 

Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz.

Bayramınız mübarək olsun!"

 




  Yayım tarixi :06 Mart 2018   20:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .