XƏBƏR
20:02

  Prezidentdən maaşla bağlı növbəti qərar - 4 sərəncam

Gündəm

Xəbər lenti
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Ayol.az xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Yaşayış məntəqələrinin qazlaşdırılması işini davam etdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın (siyahı əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.



İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 129; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 3578 nömrəli Sərəncamı) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərsin.



İlham Əliyev Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə arıçılığın inkişafının stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10,0 (on) manat məbləğində subsidiya müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində müəyyən edilmiş subsidiyanın maliyyələşdirilməsinin 2018-ci il üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.10-cu yarımbəndində “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar” üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

3.2. yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görsün.




  Yayım tarixi :05 Mart 2018   20:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .